Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədri Akka Moha Ponhea Çakri Henq Samrin ilə görüşüb.
Kamboca Milli Assambleyasının sədri Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayaraq, deyib ki, bu səfər Azərbaycan və Kamboca arasında dostluq münasibətlərinin göstəricisidir. O, Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi statusunda üzv olması münasibətilə təbriklərini çatdırıb və Kamboca parlamentinin bu məsələdə dəstəyini bir daha ifadə edib.
Ölkələrimiz arasında diplomatik əlaqələrin 28 il əvvəl yaradıldığını söyləyən Milli Assambleyanın sədri ölkə başçılarının səyləri ilə münasibətlərimizin yeni mərhələyə yüksəldiyini qeyd edib. O, bu səfərin Azərbaycan və Kamboca arasında əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyinə inamını diqqətə çatdırıb.
O, parlamentlərimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu bildirib və inamını ifadə edib ki, deputatlarımız müxtəlif səviyyələrdə daha sıx əməkdaşlıq edəcək.
Milli Assambleyanın sədri ölkəsinin Qoşulmama Hərəkatında və onun Parlament Şəbəkəsində fəaliyyətə önəm verdiyini bildirib. O, kambocalı deputatların Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilən ilk konfransında iştirakını xatırladaraq, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Məclisin sədrinə təbriklərini çatdırıb.
Görüşdə Henq Samrin, həmçinin, ölkəsində həyata keçirilən siyasət, əldə olunan nəticələr və Milli Assambleyanın fəaliyyəti barədə məlumat verib.
Milli Məclisin sədri Sahibə Qafarova səfərə və Baş Assambleyada iştiraka dəvətə görə təşəkkürünü bildirərək, əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib.
Spiker Sahibə Qafarova Azərbaycanın BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyi haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü irəli sürüb və 2021-ci ildə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub, onun ilk konfransı bu ilin iyun ayında Bakıda keçirilib. Milli Məclisin sədri Bakı konfransında Kamboca nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr, Parlament Şəbəkəsinin Manamada keçirilməsi nəzərdə tutulan ikinci konfransına hazırlıq məqsədilə görülən təşkilati işlər haqqında geniş məlumat verib.
Sahibə Qafarova ölkələrimiz arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlərarası münasibətlərin rolundan söz açıb, parlamentlərdə qarşılıqlı dostluq qruplarının fəaliyyətinin bu istiqamətdə verə biləcəyi töhfələrə toxunub. Spiker bu yaxınlarda Milli Məclisin Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını diqqətə çatdıraraq, qrupun yaradılmasını parlamentlərarası əməkdaşlığın inkişafında mühüm addım adlandırıb. Milli Məclisin sədri deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini qeyd edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsinin önəmindən danışıb.
Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və regionda davamlı sülhün yaradılması istiqamətində göstərdiyi səylər haqqında məlumat verib. O, hazırda Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinin aradan qaldırılması, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün atdığı əməli addımlardan bəhs edib. Sahibə Qafarova nəzərə çatdırıb ki, artıq Azərbaycanda Böyük Qayıdışa start verilib və keçmiş məcburi köçkün ailələri öz evlərinə qayıtmağa başlayıblar. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina aparılan bərpa və quruculuq işlərinə maneə törədir. O, bildirib ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan xalqı sülh arzulayır və ölkəmiz işğalın qurbanı olsa da, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylərini davam etdirir.
Görüşün sonunda Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumunun imzalanması mərasimi olub. Qeyd olunub ki, bu sənəd parlament diplomatiyamızın genişlənməsinə və ikitərəfli əlaqələrimizin güclənməsinə xidmət edəcək.