Avqustun 11-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Nazirlikdən "Report"a verilən məlumata görə, təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.
M.Çavuşoğlu Ceyhun Bayramovu səmimi salamlayaraq onu Türkiyədə qəbul etməkdən məmnun olduğunu bildirib.
Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərin inkişafından məmnunluq ifadə etdi və bu münasibətlərin daha da genişləndirilməsi petspektivlərini müzakirə ediblər.
İki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edilib.
C.Bayramov Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi məmnunluqla qeyd edib. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi vurğulanıb.
Görüşdən sonra XİN başçılarının mətbuat üçün brifinqi keçirilib.