Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Nazir Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, Aİ-nin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı mövqeyini məmnuniyyətlə vurğulayıb.
Tərəflər Aİ-Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən enerji sahəsində strateji tərəfdaşlıq, nəqliyyat layihələri, pandemiya ilə mübarizədə həmrəylik və əməkdaşlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Nazir bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat, Ermənistanın nail olmadığı məqsədləri və bölgədəki gərginliyin kökündə duran Ermənistanın təcavüzkar siyasəti barədə qarşı tərəfi məlumatlandırıb.
Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların imitasiya yox, real və mahiyyət üzrə aparılmalı olduğu vurğulanıb.
İşğalçı ölkə Ermənistanla, işğala məruz qalan Azərbaycana eyni yanaşmanın nümayiş etdirilməsinin qəbul edilməz olduğunu bildirən Nazir, BMT TŞ qətnamələrinin də tələb etdiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini qeyd edib.
Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edib və bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını bildirib. O, Aİ-nin xüsusi nümayəndəsinin də vəziyyəti yaxından izlədiyini və İttifaqın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.
Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.