Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Beynəlxalq Ədalət Məhkəməsinin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı fevralın 27-də BMT Baş katibinə ünvanlandığı məktub Təhlükəsizlik Şurasının və Baş Assambleyanın sənədi kimi yayılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məktubda Beynəlxalq Ədalət Məhkəməsinin qərarları şərh olunur və Ermənistanın əvvəlki qərar üzrə pozuntuları diqqətə çatdırılır.
Bir qrup azərbaycanlı eko-aktivistlərin Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya “Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu” və “Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu” barədə Ermənistanın iki əsas iddiasının Məhkəmə tərəfindən rədd edilməsi faktı məktubda diqqətə çatdırılır.
Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı məktubda vurğulanır ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan Laçın yolunda “fasiləsiz hərəkəti təmin etmək...” deyil, yalnız “öz ixtiyarında olan bütün tədbirləri görməlidir”. Məhkəmə eyni zamanda, Ermənistanın yol boyu hərəkətin “sərbəst” olması və “bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla, Laçın yolu ilə hərəkətin heç bir nəzarət olmadan həyata keçirilməsinin qeyri-məqbul olduğu barədə Azərbaycanın mövqeyi dolayısı yolla Məhkəmənin qərarında nəzərə alınıb.
Bu qərar bir daha sübut edib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz. Bununla yanaşı, Məhkəmə Ermənistanın yoldan “azad istifadə” etmə tələbini dəyişdirməklə, əslində Laçın yolundan hərbi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsinə qarşı olduğunu diqqətə çatdırıb.
Məktubda Laçın yolundan sui-istifadə halları diqqətə çatdırılır və Azərbaycanın səlahiyyətləri çərçivəsində yoldan istifadənin təhlükəsizliyinə zəmanət verdiyi, nə Azərbaycan hökumətinin, nə də etirazçıların yolda hərəkətə maneçilik törətmədikləri vurğulanır. Məktubda həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin keçidi barədə məlumat təqdim olunur, 3000-dən yuxarı avtomobillərin yoldan istifadəsinin “blokada” və “gərgin humanitar” vəziyyət barədə iddiaların əsassız olduğunu sübut etdiyi bildirilir.
Laçın yolundan istifadənin qanuni və şəffaf olması, yoldan sui-istifadə hallarına yol verilməməsi, bu səylərin tərkib hissəsi kimi, Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması təklifi məktubda xüsusi olaraq vurğulanır. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsinin Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisi olduğu diqqətə çatdırılır.
Azərbaycan xarici işlər nazirinin BMT Baş katibinə məktubunda Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarını hələ də yetirmədiyi xatırlanır. Belə ki, Ermənistanın məhkəmənin qərarına zidd olaraq, ərazisində Azərbaycana qarşı etnik zəmində nifrət və ayrıseçkilik aşılanmasının qarşısını almadığı, VoMA və POGA kimi hərbiləşmiş qruplaşmaları ləğv etmədiyi məktubda qeyd olunur.