Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İkinci Dünya müharibəsində nasizm üzərində Qələbənin 78-ci ildönümü ilə bağlı bəyanat yayıb.
"Report"un xəbərinə görə, bəyanatda deyilir:
"Bu gün dünya tarixinin ən dağıdıcı müharibələrindən biri olan İkinci Dünya müharibəsində nasizm üzərində tarixi qələbənin qazanılmasından 78 il ötür. 9 May – Qələbə Günü kimi qeyd olunan bu əlamətdar gündə bəşəriyyəti ciddi təhdid altında qoyan nasizm təhlükəsinə qarşı mübarizə aparan hər kəsin, o cümlədən müharibə dövründə misilsiz şücaət və fədakarlıq nümayiş etdirən qəhrəman həmvətənlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Nasizm üzərində qələbənin ildönümündə irqçilik, nasizm, faşizm kimi beynəlxalq sülh və təhlükəsizliyə hədə törədən təhlükəli ideologiyalara bəraət qazandırılması, onları dəstəkləyənlərin qəhrəmanlaşdırılması cəhdlərini qətiyyətlə pisləyir, bir daha bütün dünyanı sarsıdan, beynəlxalq ictimaiyyəti kütləvi insan tələfatı və dağıntılarla nəticələnən müharibə təhlükələri ilə üzləşməmək naminə bu kimi tendensiyaların aradan qaldırılması istiqamətində əməkdaşlığa çağırırıq.
Nasizm üzərində qələbənin qazanılmasında müharibə illərində ön cəbhədə, o cümlədən arxa cəbhədə igidlik göstərən, 600 mindən çox oğul və qızını cəbhəyə yola salan, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən Azərbaycan xalqının rolu və xidmətləri danılmazdır. Bu xüsusda, qələbənin qazanılmasında göstərdiyi şücaətə görə 123 həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub.
Arxa cəbhədə xalqımızın fədakar əməyi, Qələbə naminə tam səfərbərliyi ön cəbhədə döyüşən orduya dəstəyin göstərilməsində, o cümlədən müharibədə qələbə qazanılmasında müstəsna əhəmiyyətə malik olub.
Azərbaycanın təbii sərvətləri, xüsusilə neft ehtiyatları nasizmə qarşı aparılan mübarizədə qələbənin təmin olunmasında həlledici rol oynayıb. 1941-1945-ci illərdə Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Cəbhənin tələbatını ödəmək naminə gecə-gündüz çalışan neftçilərimizin əvəzsiz xidməti sayəsində istehsal olunan məhsullar müharibənin taleyində həlledici rol oynayıb.
Tarix boyu vətənini, suverenliyini və ərazi bütövlüyünü qorumaq naminə bütün fədakarlıqlara hazır olan xalqımızın müasir tarixi də parlaq qələbələrlə, xüsusilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərlə əlamətdardır. Məhz 44 günlük Vətən müharibəsində xalqımız beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzün bərpası naminə səfərbər olaraq Ermənistanın 30 ilə yaxın davam edən qeyri-qanuni hərbi işğalına son qoydu, bununla isə tariximizə Şanlı Zəfəri yazmağa müvəffəq oldu.
Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən həmvətənlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Bir daha tariximizə şanlı qələbələr yazan qəhrəman soydaşlarımızı dərin hörmət və minnətdarlıqla yad edirik".