Baydenlər, makronlar və onların təhriki ilə Azərbaycanı hədəfə götürənlər təzyiq yolu ilə heç nəyə nail ola bilməyəcəklər.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələr Ermənistanda revanşizmi alovlandırırlar:
“Prezident İlham Əliyev Zəfər Parkının açılışında olduqca önəmli mesajlar verdi. O, bu günün Azərbaycan tarixini ən şanlı səhifələrindən birinə çevrildiyini vurğulamaqla yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub. Azərbaycanın qələbəsini həzm etməyən qüvvələr Ermənistanda revanşizmi alovlandırır. Aydındır ki, onların məqsədi Ermənistanı yenidən müharibəyə sürükləməkdir”.
Deputat Azərbaycanın dəfələrlə bu təxribatların qarşısını almasına baxmayaraq, regionda sabitliyi pozmağa çalışan Fransanın Ermənistanı silahlandırmağa davam etdiyini vurğulayıb:
“Bəzi qüvvələr Ermənistanı sülh tərəfdarı, Paşinyanı isə demokratik dövlət başçısı kimi təqdim etməyə çalışırlar. Bayden administrasiyası anti-Azərbaycan siyasətini ən pik həddə çatdırıb. Azərbaycanın dəfələrlə bu təxribatların qarşısını almasına baxmayaraq, Fransa Ermənistanı silahlandırmağa davam edir.
Prezidentimiz çıxışında bu məqama da toxunub. Təkcə Fransanın yox, Amerikanın da təzyiq cəhdlərini və Ermənistana haqsız dəstəyini gördük. Ermənistanı silahlandıran ölkələr sırasında Hindistan da var. O həm də BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. Düşünürəm ki, militarizasiya siyasəti həyata keçirən, aqressiv addımlar atan, yeni münaqişə ocaqları yaradan daha bir ölkə bu cür mühüm bir qurumda təmsil olunmamalıdır. Çünki bu, Azərbaycana narahatlıqdan başqa bir şey verməyəcək”.
C.Məmmədov deyib ki, bütün dövlətlər Azərbaycanda xalq birliyinin möhkəmliyini və güclü ordusunun olduğunu bilməlidir:
“Baydenlər, makronlar və onların təhriki ilə Azərbaycanı hədəfə götürənlər bilməlidir ki, təzyiq və təhdid yolu ilə heç nəyə nail ola bilməyəcəklər. Lazım gələndə Azərbaycan yenə də hamıya layiqli cavab verəcək. Ermənistan sülhə töhfə verməyə fokuslanmalıdır. Əks halda nə o, nə də onun havadarları uğur qazana bilməyəcək”.