Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Suxum Dövlət Universitetinə (SDU) baş çəkib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ali məktəbin yaydığı məlumatda bildirilib.
Səfir universitetin rektoru, professor Zurab Xonelidze ilə görüşüb. Tərəflər Gürcüstan və Azərbaycan arasında mədəni, siyasi əlaqələr və təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Rektor qonağı SDU-nun tarixi ilə tanış edib və iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərindən söz açıb.
F.Quliyev ali məktəbdə 2012-ci ildə açılan Azərbaycan kabineti, burada həyata keçirilən proqram və layihələrlə tanış olub. Diplomat mövcud əlaqələrin dərinləşdirilməsi və yeni layihələrin reallaşdırılmasına maraq ifadə edib.
Səfir sonra universitetin professor-müəllim heyəti qarşısında çıxış edib.