“Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) rəhbəri Lev Spivak Gürcüstanda səfərdədir.
“Report”un yerli bürosu xəbər verir ki, o, təşkilatın nümayəndələri ilə birgə Tbilisidə Azərbaycanın Respublika Gününə həsr olunan tədbirlərdə iştirak edir.
L.Spivak Azərbaycan səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov və digər şəxslərlə birgə ulu öndər Heydər Əliyevin büstü və Botanika bağında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarlarını ziyarət edib.
Azİz rəhbəri “Report”a açıqlamasında bildirib ki, 103 il bundan öncə mayın 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi Tbilisidə olması simvolik hadisədir:
“Unudulmaz və sözlərlə ifadə olunmayacaq təəssüratlarım var. Bu gün həyatımın ən yaxşı günlərindən biridir. AXC qurucuları olan əfsanə insanlar barədə məlumatım var idi və onların məzarlarını ziyarət etməkdən böyük məmnunluq hissi keçirirəm. Tbilisinin Azərbaycan və onun mədəniyyəti üçün bu qədər önəmli olduğunu bilmirdim. Bu şəhərdə olanda bunu daha aydın görürsən. Respublika Günündə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin də büstünün ziyarət edilməsi çox xoş oldu. Azərbaycanın Gürcüstandakı səfirliyinə yaradılan imkana görə minnətdarlığımı bildirirəm”.
L.Spivak qeyd edib ki, Azərbaycanın AXC quruclarının xatirəsini əziz tutması və yad etməsi çox təqdirəlayiqdir.
O, Azərbaycan xalqına Respublika Günü münasibətilə təbriklərini çatdırıb:
“Azərbaycan bugünkü tarixi Vətən müharibəsində əldə etdiyi qələbnin sevinci ilə birgə ikiqat fərəhlə qeyd edir. Azərbaycan işğaldan azad etdiyi tarixi torpaqlarında bərpa-yenidənqurma işləri aparmaqla qurucu dövlət olduğunu bir daha sübut edir. Azərbaycanın bütün sakinlərini, bu ölkəni sevənləri bayram münasibətilə təbrik edirəm, böyük xoşbəxtlik, cansağlığı və rifah diləyirəm”.