Bakıda Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökumət İnnovasiyası və Rəqabətlilik Forumu keçirilib.
"Report" xəbər verir ki, tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Forum “Yeni İdarəetmə Erasının başlanğıcı: Dövlət Xidməti, Rəqabətlilik və Davamlı İnkişaf üzrə Əlaqələrin Tədqiq Edilməsi” mövzusunda baş tutub.
Forumda yerli qurumların, özəl şirkətlərin və ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin ümumilikdə 200-dən çox nümayəndəsi iştirak edib.
Forumda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BƏƏ-nin kabinet işləri naziri Məhəmməd Əl Qərqavi, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış ediblər.
BƏƏ Baş Nazirinin Ofisi - Hökumət Akselerasiya Proqramının rəhbəri Radheya ƏlHaşimi “Dövlət xidmətlərinin sürətləndirilməsi” mövzusunda təqdimat edib.
“Xidmətlərin gələcəyi” mövzusunda təşkil olunan ilk panel müzakirələrdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, BƏƏ Baş Nazirinin Ofisinin Hökumət xidmətlərinin inkişafı bölməsinin rəhbəri Salim Al Şaami, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, BƏƏ Hökumətinin nümayəndəsi Tariq Al Havi, “SİNAM” MMC direktoru Elçin Əliyev çıxış ediblər.
“Dövlət idarəçiliyində qadınların səlahiyyətlərinin artırılması” mövzusuna həsr edilən ikinci panel müzakirələrdə Milli Məclisin deputatı Hicran Hüseynova, Federal Rəqabət Qabiliyyəti və Statistika Təşkilatının icraçı direktoru Hanan Ahli, Mərkəzi Bankın İcraçı direktoru Gülər Paşayeva, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Kendis Makdeyqn, “Femmes Digitales” təşkilatının təsisçisi Yana Krimpe çıxış ediblər.
Forumda "Azərbaycan-BƏƏ əməkdaşlığı: keçmişdən gələcəyə" və "Azərbaycan-BƏƏ əməkdaşlığı: Güclü tərəfdaşlıq" mövzularında videoçarxlar nümayiş etdirilib.
Sonda BƏƏ-nin kabinet işləri naziri Məhəmməd Əl Qərqaviyə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
Xatırladaq ki, 28 noyabr 2022-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.
Anlaşma Memorandumuna əsasən “ASAN xidmət” təcrübəsinin Birləşmiş Ərəb Əmirlikləri ilə paylaşılması, dövlət xidmətləri, müvafiq sahə üzrə potensialın artırılması, xidmətdə mükəmməllik, könüllülük təcrübəsi sahəsində bilik və qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də BƏƏ-nin Kabinet İşləri Nazirliyi tərəfindən idarə olunan “Hökumət Akselerasiya Proqramı”nın Azərbaycan tərəfi ilə paylaşılması nəzərdə tutulur.