Bakıda ikinci Malayziya təhsil sərgisinin açılışı olub.
"Report" xəbər verir ki, tədbir Malayziyanın Azərbaycandakı Səfirliyinin dəstəyi, “Winning Magnitude” agentliyi və “Linqva” Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.
Sərgi Malayziyanın tanınmış, cəlbedici faktorları olan və sərfəli ali təhsil imkanlarını tanıtmaq üçün Malayziyanın aparıcı universitetlərini, Malayziya Texnologiya Universiteti (UTM), Taylor Universiteti, SEGi Universiteti, İdarəetmə və Elm Universiteti (MSU) və Quest Beynəlxalq Universitetini bir araya gətirir. Məqsəd Malayziyada dünya standartlarında təhsil almaq istəyən azərbaycanlı tələbələrə ətraflı məlumat verməkdir.
Sərgi sabah da davam edəcək.
Qeyd edək ki, Malayziya geniş şəkildə tanınan yüksək keyfiyyətli təhsil sistemi, münasib qiymətli təhsil haqları, əlçatan yaşayış xərcləri və geniş mədəni mühitinə görə beynəlxalq tələbələr arasında artıq populyar bir məkana çevrilib. Bundan başqa, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bir çox yerləri ilə dünyanın ən gözəl turizm məkanlarından biri sayılır. Həmçinin, Malayziyada təhsil almaq tələbələrə Sinqapur, İndoneziya və Tayland kimi qonşu ölkələrə səfər etməyə imkan verir.
2023-cü ilin QS (Quacquarelli Symonds) reytinqində Tələbələr üçün “Ən Yaxşı Əcnəbi Şəhər” kateqoriyasında Kuala Lumpur Asiya ölkələri arasında əlçatanlıq göstəricisinə görə birinci, dünyada isə üçüncü yerdə qərarlaşıb. Kuala Lumpur, həmçinin 2023-cü il “InterNations” Forumunun sorğusunda “Ən Yaxşı Əcnəbi Şəhər” kateqoriyasında 1-ci yerdə qərarlaşıb. UNESCO-nun Beynəlxalq Tələbələr arasında Mobillik Sorğusuna görə, Malayziya xaricdə təhsil üçün ən çox üstünlük verilən istiqamətlər arasında 11-ci yerdədir. Malayziyada illik təhsil haqqı 3500-5500 ABŞ dolları, yaşayış xərcləri isə ayda 350-500 ABŞ dolları arasındadır.
2020-ci ildə Malayziya dünyanın 175-dən çox ölkəsindən 131,300 beynəlxalq tələbəni qəbul edib. Hökumət 2025-ci ilə qədər beynəlxalq tələbələrin sayının 250,000-ə çatmasını hədəfləyir. Malayziyada təhsil üçün qeydiyyatdan keçən bütün tələbələr 20% giriş təqaüdü və 50% -ə qədər “merit” dediyimiz təqaüd, yəni yüksək göstəriciləri olan tələblərə verilən təqaüdü alma hüququna malik olacaqlar.