Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçirilir

Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçirilir Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu işə başlayıb.
Xarici siyasət
17 Oktyabr , 2024 10:51
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçirilir

Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu işə başlayıb.

"Report" xəbər verir ki, tədbir ADA Universitetində keçirilir.

Forumda müxtəlif ölkələrdən süni intellekt nəzəriyyəsi, innovativ metodların hazırlanması və tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi sahələrdə data elminin tətbiqi ilə məşğul olan aparıcı alimlər bir araya gəlib.

Forumun açılışında çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, rəhbərlik etdiyi universitet əvvəlcə diplomatik akademiya kimi fəaliyyət göstərib, lakin İT texnologiyalarının əhəmiyyətinin artması ilə əlaqədar İT məktəbi və mühəndislik məktəbinin diplomatik akademiya ilə birləşdirilməsi qərara alınıb.

“O vaxtdan biz universitetə ​​çevrilmişik və bizim üçün böyük önəm kəsb edən informasiya texnologiyaları, informatika və kompüter mühəndisliyi məsələlərinə böyük diqqət ayırırıq”, - o bildirib.

F.İsmayılzadənin sözlərinə görə, forumda İsrail, Portuqaliya, Cənubi Koreya, ABŞ, Rusiya və digər ölkələrdən nümayəndələr iştirak edir.

Forumun açılışında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov da çıxış edib.

O, 4SİM mərkəzinin bu sahədə ən böyük alyans olan Davos Forumunun süni intellektin idarə edilməsi üzrə qrupun işində fəal iştirak etdiyini vurğulayıb.

“Keçən il biz aparıcı beynəlxalq onlayn təhsil platformalarından biri olan “Coursera” ilə əməkdaşlığa başlayaraq 10 min Azərbaycan vətəndaşının bu platforma üzrə 800-dən çox kursa pulsuz girişini təmin etdik. Nəticədə biz həm ölkədə, həm də beynəlxalq səviyyədə süni intellekt sahəsində innovasiyaları təşviq edən 42 ölkə və 118 proqram arasında qalib olduq”, - F.Cəfərov qeyd edib.

O bildirib ki, Azərbaycan hökuməti 51 təşəbbüsü özündə əks etdirən yeni rəqəmsal iqtisadiyyat strategiyası hazırlayıb.

“Bizdə artıq Azərbaycan dilində generativ süni intellekt və böyük dil modelləri var. Biz 2040-cı ilə qədər Azərbaycanda iqtisadi artımı sürətləndirmək üçün beynəlxalq təşkilatların və konsaltinq şirkətlərinin köməyi ilə süni intellektin imkanlarından istifadə etməyi planlaşdırırıq. Onların qiymətləndirmələrinə görə, Azərbaycan dilində generativ süni intellekt ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar gəlir gətirəcək. Bundan əlavə, biz böyük həcmdə məlumatı generasiya edəcək rəqəmsal əkiz proqramı istifadəyə verməyi nəzərdə tuturuq”, - icraçı direktor əlavə edib.

Onun sözlərinə görə, “Coursera” platformasında 20 kurs “DeepFake” texnologiyası vasitəsilə Azərbaycan dilinə dublyaj ediləcək.

"Coursera” ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq 20 beynəlxalq kurs Azərbaycan dilinə tərcümə olunacaq. Dünya çox sürətlə dəyişdiyi üçün böyük həcmdə məlumat yaradılır. 2025-ci ilə qədər məlumatların həcmi 175 zettabayt təşkil edəcək. Məlumatlar iqtisadiyyat üçün yeni enerjidir”, - F.Cəfərov əlavə edib.

İsrailin Ben-Qurion Universitetinin professoru Robert Moskoviç də ADA Universitetinin IT texnologiyalarının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

“Forumda iştirak edən alimlərin heyətinə əsasən əminliklə deyə bilərəm ki, bizi məhsuldar günlər gözləyir və bu, həm biz alimlər, həm də universitetin tələbələri üçün faydalı olacaq”, - o vurğulayıb.

Açılış mərasimindən sonra forum işini panel müzakirələri ilə davam etdirib.

Foto: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi