ŞƏT missiyasının Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etməsi üçün hər cür şərait yaradılıb.
"Report" xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min seçkilərinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.
“Biz bütün qənaətləri müşahidəçilərimizin seçki məntəqələrində apardığı monitorinqin nəticələrinə əsasən vermişik. Missiya qeyd edir ki, seçicilər üçün beynəlxalq qaydalara uyğun olaraq lazımi şərait yaradılıb”, - o bildirib.
Onun sözlərinə görə, seçki günü ŞƏT-in müşahidə missiyası Bakı və Sumqayıtda 60-a yaxın seçki məntəqəsində olub: “ŞƏT missiyasına müşahidə üçün məntəqə seçməkdə tam sərbəstlik verilib. Müşahidəçilərimiz seçki məntəqəsini özləri seçiblər. Bizə kənardan heç bir təzyiq olmayıb”.