Azərbaycanın Baş naziri Əli Əsədov mayın 26-da Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Tədbirdə çıxış edən Baş nazir Gürcüstan xalqını və Hökumətini bayram münasibətilə təbrik edib, Azərbaycan və gürcü xalqlarının tarixən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.
Vurğulanıb ki, iki ölkənin liderlərinin səyləri nəticəsində Azərbaycan-Gürcüstan münasibətləri uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Gürcüstanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələr hər iki ölkənin iqtisadi inkişafına, xalqlarının rifahına xidmət etməklə yanaşı, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib.
Eyni zamanda hər iki ölkənin iştirakı ilə artıq yeni perspektivli layihələrə start verildiyi qeyd olunaraq bu baxımdan Qara dənizin dibi ilə Avropaya sualtı kabelin çəkilməsi layihəsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmləndirilməsi üçün bütün sahələrdə yaxşı perspektivlərın olduğuna diqqət çəkilərək iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəyinə və hər iki xalqın rifahına töhfə verəcəyinə əminlik ifadə olunub.