Mayın 24-də Baş prokuror Kamran Əliyev Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li In-Yonq ilə görüş keçirib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Kamran Əliyev ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən siyasi, mədəni, humanitar və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.
Baş prokuror ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, müasir normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər barədə səfirə ətraflı məlumat verib.
Koreya ilə uğurla davam edən səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə edən Baş prokuror Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən həyata keçirilən layihələrin təqdirəlayiq olduğunu bildirib. Qarşılıqlı tədris səfərlərinin təşkili, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə və aktivlərin bərpası sahələrində təcrübənin öyrənilməsinin vacibliyi qeyd olunaraq, prokurorluqlar arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması müzakirə olunub.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Li In-Yonq ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla əlaqələrin əhəmiyyətini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini qeyd edib.
Səfir ölkələrimizin hüquq mühafizə orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edərək bu istiqamətdə zəruri tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.