"Meşəli soyqırımı qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayət hadisələrindən biridir".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Hərbi prokurorunun böyük köməkçisi İsmayıl Əliyev “Real TV”də yayımlanan "Real İntervyu” verilişində deyib.
Onun sözlərinə görə, Meşəli kəndində baş verən soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı soyqırım cinayətlərinin bir epizodudur: "Həmin cinayət hadisəsi ilə əlaqədar cinayət işi başlanaraq ilkin istintaq hərəkətləri aparılsa da, döyüş şəraitində istintaqı başa çatdırmaq mümkün olmayıb, lakin istintaq uğurla davam etdirilib və müəyyən edilib ki, Xaçaturyan Vaqif Çerkezoviç qanunsuz erməni silahlı birləşməsinin digər üzvləri ilə birlikdə Xocalı rayonu, Meşəli kənd əhalisinə silahlı basqın edərək 25 nəfəri qətlə yetirib, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirib və 358 nəfər şəxsi heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salıb".
İ.Əliyev həmçinin bildirib ki, Vaqif Xaçaturyanın həmin cinayəti törətməsi şahid və zərərçəkmiş şəxslərin ifadələri ilə tam sübuta yetirilib.
Onun sözlərinə görə, 2013-cü ildə Vaqif Xaçaturyan Meşəli soyqırımı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycanın Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilərək o, beynəlxalq axtarışa verilib: "V.Xaçaturyanın axtarışı istiqamətində həmin vaxtdan beynəlxalq təşkilatlarla danışıqlar aparılıb, 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb".