Baş redaktor: “Azərbaycan-Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və maraq üzərində qurulub”

Baş redaktor: “Azərbaycan-Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və maraq üzərində qurulub” “Azərbaycan ilə Bolqarıstan arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və qarşılıqlı hörmət və maraqlara əsaslanır”.
Xarici siyasət
24 Aprel , 2023 16:44
Baş redaktor: “Azərbaycan-Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və maraq üzərində qurulub”

“Azərbaycan ilə Bolqarıstan arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və qarşılıqlı hörmət və maraqlara əsaslanır”.

“Report” xəbər verir ki, bunu “Media.az”a müsahibəsində “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri, “Akord” jurnalının baş redaktoru Mariya Atanasova-Hüseynova deyib.

O bildirib ki, 20-ci əsrin əvvəllərində bir çox bolqar ailələri Ukraynadan Azərbaycana, əsasən gözəl tarixi şəhər olan Gəncəyə köçüb və bu yolla onun valideynləri də buraya köçüb.

“Gəncənin mərkəzində bolqar ailələri tərəfindən tikilmiş bolqar həyəti bu günə qədər qorunub saxlanılıb. Mən vaxtilə orada yaşayan bolqarlarla, onların azərbaycanlı qonşuları ilə söhbət etmişəm. Onların hamısı bir-birinə qarşı necə mehriban rəftar etdiklərini, milli yeməklərin reseptlərini paylaşdıqlarını söyləyirdi”, - M.Atanasova-Hüseynova söyləyib.

Jurnalın baş redaktoru vurğulayıb ki, Gəncədə məskunlaşan bolqarlar öz mədəniyyətlərini qoruyub saxlayıb, övladlarını bolqar adət-ənənələri ilə böyüdüblər:

“Mənim ailəm də istisna deyil. Uşaqlığımı xatırlayıram və ağlıma bolqar toylarına toplaşmağımız, milli mahnılar oxumağımız, bolqar yeməkləri bişirməyimiz gəlir. Hətta dəfn mərasimlərini də bolqar adət-ənənələri ilə keçirirdik. Azərbaycanlı qonşularımız isə həmişə bütün tədbirlərdə fəal iştirak edər, mədəniyyətimizə maraq və hörmət göstərərdi. Gəncə bolqarları öz dillərini qoruyub saxlayıblar, sadəcə, biz onun qədim ləhcəsində danışırıq”.

M.Atanasova-Hüseynovanın sözlərinə görə, müasir bolqarlar üç etnik qrupu birləşdirir ki, onlardan biri də türkdillidir.

“Bu, bizim musiqimizə, mətbəximizə, hətta nitqimizə də təsir edib. Bolqar dilində çoxlu türk mənşəli söz var, məsələn, “pendjere” sözü, Azərbaycan dilində bu, “pəncərə” deməkdir. Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman olub”, - o deyib.

Bolqarıstanın çoxlu sayda tarixi abidəyə malik qədim ölkə olduğunu qeyd edən M.Atanasova-Hüseynova Bolqarıstanın Blaqoyevqrad, Burqas, Sofiya və Gəncə ilə qardaşlaşmış şəhər olan Varna kimi şəhərlərinə səfər etməyi məsləhət görüb.

“Veliko Tırnovoda olsanız, Heydər Əliyev Fondunun dəstəyi və Birinci vitse-prezident Mehriban Əliyevanın köməyi ilə bərpa edilən “Trapezitsa” memarlıq-muzey qoruğuna mütləq baş çəkin. Düşünürəm ki, turistlərin çoxunu Günəşli sahil və Qızıl Qum kimi məşhur çimərlik kurortları, həmçinin inanılmaz Vitoşa dağ silsiləsi cəlb edir”, - “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri vurğulayıb.

Mariya Pavlovna Azərbaycanda bolqar dilində nəşr olunan “Akord” jurnalı haqqında da danışıb:

“Biz Qarabağ məsələsini, 44 günlük Vətən Müharibəsinin gedişatını geniş şəkildə işıqlandırırdıq. Çünki Bolqarıstanda olarkən yerli sakinlərin bu məsələdə çox pis və ya “birtərəfli” qaydada məlumatlı olduğunu gördüm. Bütün çıxışlarımda və işgüzar görüşlərimdə təkrar edirəm: “Qarabağ Azərbaycandır”.

O qeyd edib ki, jurnalın növbəti sayı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq.

Birlik sədri həyata keçirilən layihələrdən də danışıb. Onun sözlərinə görə, 2022-ci ildə Bolqarıstanda “Azərbaycanın mənəvi dəyərlərinin Bolqarıstanda nümayişi” adlı maraqlı layihə həyata keçirilib.

“Bu iş məni Bolqarıstanda Azərbaycan Evinin açılması məsələsini gündəmə gətirmək fikrinə saldı. Bu, Vətənimiz haqqında çoxşaxəli məlumat ala bilinəcək mədəni mərkəzi olardı. Bu təşəbbüs dövlət qurumları, Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən dəstəklənib. İdeyanın həyata keçirilməsi mən tərəfdən Azərbaycana və Azərbaycan xalqına verilən qiymət olacaq. Bu, həm də Bolqarıstanda çoxlu sayda erməninin yaşaması, belə fəaliyyətlərin qarşısını almağa və insanları Azərbaycan haqqında yanlış məlumatlandırmağa çalışmasına görə zəruridir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi