Türkiyədə "Teknofest 2021" texnologiya festivalı keçirilir.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, “Teknofest” Türkiyə Texnologiya Vəqfi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə dəstəyi ilə təşkil olunur. Əsas məqsəd “Milli texnologiya həmləsi” devizi altında milli texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır.
Tuz gölündə keçirilən yarışda Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar da iştirak edib
Mustafa Varank Türkiyənin müdafiə sənayesi sahəsində möhtəşəm məlumatlar əldə etdiyini bildirib: "Türkiyə həm öz ehtiyaclarını qarşılmaq, həm də müdafiə sənayesi məhsullarını ixrac etmək mərhələsinə gəlib. Müdafiə sənayesində əldə etdiyimiz uğuru sənayenin digər sahələrinə də yaymaq istəyirik. Bunu etmək də insan kapitalından keçir. Bu festival vasitəsilə gənclərə sərmayə qoyuruq”.
Selçuk Bayraktar isə deyib ki, “Teknofest” festivalı başladığı ilk günlərdən dünya rekordu qırıb: "Böyük coşqu ilə qarşılandı və hər gün ölkəmizi böyük ümidlərlə coşdurdu. Bu tədbirdə iştirak edən gənclərin texnoloji əsərlərini gördükdə xoşbəxt oluruq. Bunu özümüz etmiş kimi sevinirik. Bu festivalda kiçik raketlərin uçduğunu görüb gələcəkdə ölkəmizin kosmosa çıxışının xəyalını qururuq. Bunlar da bir gün gerçək olacaq".