Ağdamda keçirilən beynəlxalq forumun iştirakçıları dünya ictimaiyyətinə müraciət ediblər - YENİLƏNİB - 4

Ağdamda keçirilən beynəlxalq forumun iştirakçıları dünya ictimaiyyətinə müraciət ediblər - YENİLƏNİB - 4 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlx
Xarici siyasət
7 Dekabr , 2023 17:18
Ağdamda keçirilən beynəlxalq forumun iştirakçıları dünya ictimaiyyətinə müraciət ediblər - YENİLƏNİB - 4

Ağdamda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları adından dünya ictimaiyyətinə müraciət qəbul edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, müraciətdə bildirilir:

"Biz - “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamdan beynəlxalq ictimaiyyətə müraciət edərək mina və partlamamış hərbi syrsatlara qarşı mübarizədə daha fəal olmağa çağırış edirik. Bakı və Ağdam şəhərlərində 2 gün ərzində keçirilmiş geniş müzakirələr problemin qlobal məzmununu bir daha nümayiş etdirdi. Hazırda dünya xəritəsindəki ölkələrin 3-də 1-i mina problemindən əziyyət çəkir. Humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Azərbaycan Respublikası artıq humanitar minatəmizləməni milli məqsəd kimi müəyyən edib.

Azərbaycan mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr siyahısındadır. İlkin məlumatlara görə, Azərbaycan Respublikası ərazisində 1.5 milyondan çox mina və partlamamış hərbi sursat var. 2020-ci ildə 44 günlük müharibədən sonra 338 nəfər işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub. Onlardan 65 nəfəri həlak olub, 273 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9 nəfəri uşaq və gənc, 1 nəfəri isə qadındır.

1991-ci ildən ötən dövr ərzində Azərbaycanda minalardan zərər çəkənlərin ümumi sayı 3 416 nəfər təşkil edir. Heç bir halda minadan xəsarət alan şəxslərin pozulmuş insan hüquqları gözardı edilə bilməz. Yaşamaq hüququ insanın ən təbii, fundamental hüquqlarından biridir. Mina problemi bu gün Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərinə bir nömrəli maneədir, yüzminlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz, layiqli şəkildə qayıtmasını məhdudlaşdırır. Hazırda Azərbaycan dövləti humanitar minatəmizləmə ilə əlaqədar genişmiqyaslı işlər aparır. Qısa müddətdə xeyli ərazidə təmizləmə işləri aparılıb. Qadın minaaxtaran qrupların da prosesə cəlb edilməsi təqdirəlayiqdir. Azərbaycan Respublikasının humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı təcrübəsi mina terrorundan əziyyət çəkən digər ölkələr üçün faydalı ola bilər. Biz dünya ictimaiyyətini, vətəndaş cəmiyyətlərini humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi işinə qlobal miqyasda ictimai dəstək verməyə çağırırıq".

15:30

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum bu gün işğaldan azad edilən Ağdam şəhərində davam etdirilir.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Ağdama gələn beynəlxalq ekspertlər ilk olaraq Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.

Onlar daha sonra Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə işlərinin aparıldığı sahə ilə tanış olublar.

Günün ikinci yarısında Ağdam şəhərindəki Konfrans Mərkəzində 15 beynəlxalq ekspert və yerli QHT nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans davam etdirilib.

13:14

“Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları bu gün Ağdamda mina və partlamamış hərbi sursatlarla çirklənən ərazilərdə minaların zərərsizləşdirilməsi prosesi ilə tanış olublar.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, forum iştirakçılarına minatəmizləmə qrupu tərəfindən təmizlənən ərazilər və tapılaraq zərərsizləşdirilən mina, eləcə də partlamamış hərbi sursatlar barədə məlumat verilib.

Qeyd edək ki, forum iştirakçılarına 2002-ci ildən bu günədək 12 300 hektar ərazinin təmizləndiyi, eləcə də 1 377 tank, 1 809 piyada əleyhinə mina, 14 504 partlamamış hərbi sursatların aşkarlanaraq məhv edilməsi barədə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən məlumat verilib.

12:10

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları bu gün Ağdamda mina və partlamamış hərbi sursatlarla çirklənən ərazilərlə tanış olublar.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, forum iştirakçıları tədbirin proqramına uyğun olaraq minalarla çirklənmiş ərazilərlə tanışlıq məqsədilə işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisindəki minatəmizləmə sahəsində olublar.

Qeyd edək ki, qonaqlara ərazilərin təmizlənməsində istifadə edilən vasitələrlə bağlı məlumat verilib. Qeyd edilib ki, ərazilərin təmizlənməsində qadın minaaxtaranlar da fəaliyyət göstərir.

11:20

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum bu gün işğaldan azad edilən Ağdam şəhərində davam etdiriləcək.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, forumda Agentliyin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ANAMA idarə heyətinin sədri Vüqar Süleymanov, Azərbaycan Ombudsman Aparatının rəhbər müavini Rəşid Rumzadə, BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuchi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev iştirak edirlər.

Forumdan öncə iştirakçılar dağıdılan Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə minanın insanların həyat və sağlamlığına, ümumiyyətlə bəşəriyyətə ciddi təhdidləri, mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafa törətdiyi maneələr müzakirə ediləcək.

Proqrama uyğun olaraq Ağdamın işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində minatəmizləmə işlərinin aparıldığı sahəyə baş çəkiləcək.

Son xəbərlər

Orphus sistemi