ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə Azərbaycan və Ermənistan sərhədindəki vəziyyət də müzakirə olunub.
“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Neda Prays bildirib.
Onun sözlərinə görə, görüş iki saata yaxın davam edib: “Dövlət katibi Suriya xalqına humanitar yardımın çatdırılmasının təmin olunması üçün şəraitin yaradılmasının vacibliyini qeyd edib. Tərəflər arasında regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münaqişənin uzunmüddətli siyasi yolla tənzimlənməsi üçün axtarışların davam etdirilməsi müzakirə olunub”.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri bildirib ki, A.Blinken və S.Lavrov iki ölkənin qarşılıqlı maraqlarını təqdim edəcək əməkdaşlıq mövzularını da müzakirə ediblər. Onlar strateji sabitlik, İran və Şimali Koreyanın nüvə proqramı, habelə Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar: “Dövlət katibi və xarici işlər naziri gələcəkdə də müzakirələr davam etdirmək barədə razılığa gəliblər”.
S.Lavrov isə bildirib ki, onların görüşünün yekununa dair məruzə ABŞ prezidenti Cozef Baydenə və Rusiya prezidenti Vladimir Putinə təqdim ediləcək.