Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Özbəkistan Respublikasının Ombudsman İnstitutunun 25 illiyi və Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə BMT-nin dəstəyi ilə təşkil olunan “Ombudsman fəaliyyətinin rəqəmsallaşdırılması: İnsan hüquqları və azadlıqlarının təmin edilməsi və qorunması üçün yeni mexanizmlər” adlı onlayn konfransda məruzə ilə çıxış edib.
Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan “Report”a verilən məlumata görə, tədbirdə bir sıra ölkələrin Ombudsmanları, Milli İnsan Hüquqları İnstitutlarının rəhbərləri və beynəlxalq ekspertlərlə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.
Ombudsman çıxışına Özbəkistan Ombudsmanı Uluqbek Muhammediyevi rəhbərlik etdiyi təsisatın yaradılmasının 25 illiyi münasibətilə təbrik edərək başlayıb. S.Əliyeva məruzəsində insan hüquqlarının qorunmasında müasir texnologiyaların tətbiqinin əhəmiyyətini qeyd edib. O, Ombudsman vəzifəsinə seçildiyi ilk günlərdən insan hüquqlarının təmin edilməsi və təsisatda müraciətlərin daha sürətli qəbulunun təmin edilməsi ilə bağlı gördüyü işlər, o cümlədən vahid 916 Çağrı Mərkəzinin yaradılması və onun fəaliyyəti barədə geniş məlumat verib.
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə görülən işlərdən danışan Ombudsman ölkədə elan olunan xüsusi karantin rejimi dövründə xüsusilə əhalinin həssas qruplarının hüquqlarının təmin olunması istiqamətindəki fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, pandemiya dövründə əlilliyi olan şəxslərin, uşaqların, miqrantların hüquqlarının səmərəli təmini ilə bağlı BMT-nin xüsusi məruzəçilərinin də tövsiyələri nəzərə alınaraq Ombudsman tərəfindən xüsusi bəyanatlar yayımlanıb. Bundan əlavə pandemiya dövründə vətəndaşların canlı qəbulu müvəqqəti dayandırılsa da, müraciətlərin onlayn qaydada qəbulunun davam etdiyi iştirakçıların diqqətinə çatdırılıb.
Ombudsman Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalına son qoyularaq azad edilməsi münasibətilə ölkəmizdə keçirilən Qələbə paradını qeyd edərək BMT-nin məlum dörd qətnaməsinin də beləcə icra edildiyini xüsusilə vurğulayıb.
Ermənistanın müharibə dövründə mülki əhaliyə qarşı qadağan edilmiş silahlardan istifadə etdiyini bildirən Ombudsman bununla bağlı dağıntıların baş verdiyi yerlərdə faktaraşdırıcı missiyalar həyata keçirdiyini və əldə olunan sübut və dəlillərə əsaslanan hesabatlar hazırlayaraq aidiyyəti beynəlxalq qurumlara göndərdiyini qeyd edib.
Bundan əlavə Ombudsman müharibə dövründə insan hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar informasiya texnologiyalarından səmərəli istifadə metodları barədə təcrübələrini iştirakçılar ilə bölüşüb.
Konfrans sonra işini müzakirələrlə davam etdirib.