Azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsində Böyük Britaniya Azərbaycanı dəstəkləyir.
“Report” xəbər verir ki, bu barədə həmin ölkənin Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” səhifəsində yazıb.
Azərbaycanı piyada minalarına qadağa qoyan Ottava Konvensiyasına qoşulmağa çağıran diplomat bu gün Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovla görüşdüyünü də qeyd edib.
Xatırladaq ki, birlik ölkə ərazisində minalardan və partlamamış sursatlardan zərər çəkmiş şəxslərlə bağlı vahid məlumat bazası yaratmaq, habelə bu şəxslərin problemlərini həll etmək istiqamətində fəaliyyət göstərir. Təşkilatın əldə etdiyi məlumata görə, may ayında minalarla bağlı iki hadisə nəticəsində bir hərbçi və iki mülki vətəndaş həlak olub, iki hərbçi isə xəsarət alıb. Bütövlükdə ilin əvvəlindən mina və partlamamış sursatlardan 59 nəfər zərər çəkib.