Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayının sonu və fevral ayının əvvəllərində Bakıda həbsdə olan erməniəsilli şəxslərə yenidən baş çəkiblər.
Bu barədə "Report"un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
Qeyd edək ki, BQXK mandatına uyğun olaraq bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraiti qiymətləndirilir. BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.