Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın Baş naziri ilə keçirdiyi görüşlər və əldə olunan razılaşmalar dünya mətbuatının da diqqət mərkəzindədir.
“Report” xəbər verir ki, dərc olunan məlumatlarda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə istinadla üçtərəfli görüşün çox səmərəli keçdiyi qeyd olunur.
Bildirilir ki, bu müzakirələrdə etimadyaratma və digər müsbət səylərin dəstəklənməsi istiqamətində mühüm irəliləyişlər əldə edilib. İnformasiyalarda Şarl Mişelin “Biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik” fikri xüsusi vurğulanıb.
Qardaş Türkiyənin Anadolu Agentliyi, “TGRT Haber”, “TRT Haber”, “Haber Global” telekanalları, “Yeni şafak”, “Akşam” qəzetləri və sair media qurumları səfərin mahiyyəti barədə Türkiyə ictimaiyyətini ətraflı məlumatlandırıb. Verilən informasiyalarda Brüssel görüşünün Azərbaycanın maraqlarına uyğun, bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin edilməsi istiqamətində atılmış növbəti önəmli addım olduğu vurğulanır.
Almaniyanın “dpa” agentliyi, “Frankfurter Allgemeine Zeitung” və “Süddeutsche Zeitung” qəzetləri, “tagesschau.de”, “deutschlandfunk.de”, “spiegel.de”, “stern.de” və bu kimi digər xəbər portallarında dərc edilən informasiyalarda Avropa İttifaqının iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətindəki səylərindən bəhs olunur. Bildirilir ki, Şarl Mişel tərəflər arasında əldə edilən razılığın “düzgün istiqamətdə atılan addım olduğunu” dilə gətirib.
İspaniyanın EFE xəbər agentliyi, SWI swissinfo.ch media platforması da Brüsseldə keçirilən görüşlə bağlı informasiyalar verib. Vurğulanır ki, bu görüşdə aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsinə dair razılıq əldə olunub.
Avropa İttifaqının “commonspace.eu”, “eureporter.co” media resurslarında Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təkbətək, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə üçtərəfli görüşünə dair informasiyalar verilib. Bildirilir ki, bu görüşlərdə əsas müzakirə mövzusu Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması məsələsi olub. İnformasiyalarda, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan da bəhs edilir. Belçikanın “RTBF”, “VRT” nəşrləri və “RTL” agentliyi isə Azərbaycanın və Ermənistanın sülhə nail olmaq üçün yenidən danışıqlara başladığını yazır. Qeyd olunur ki, tərəflər aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi, sülh sazişi üzrə danışıqlara başlamaq kimi önəmli məsələlərdə razılığa gəliblər.
Qeyd edək ki, Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell rəsmi tviter hesabında etdiyi paylaşımda bildirib ki, davamlı sülh, sabit və təhlükəsiz Cənubi Qafqaz istiqamətində çalışmaq üçün Ermənistan və Azərbaycan arasında mühüm səylər və irəliləyiş əldə olunub. “Mövcud geosiyasi kontekstdə münaqişələrin diplomatik həll yollarını tapmaq həmişəkindən daha vacibdir”, - deyə Cozep Borrell qeyd edib.
Azərbaycan Prezidentinin Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlər ərəbdilli mətbuatın da diqqət mərkəzində olub. “Əl Əhram”, “Ən Nahar”, “Əl Naşra”, “Youm7”, digər qəzet və portallarda yayımlanan xəbərlərdə Şarl Mişelin Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında etimadın qurulması tədbirlərinə və humanitar məqsədli minatəmizləmə səylərinə, o cümlədən ekspert məsləhətini təmin etməyə davam etməklə münaqişədən əziyyət çəkən əhaliyə maliyyə yardımının artırılması, bərpa və yenidənqurma işlərinə dəstək olacağı fikirləri yer alıb. Materiallarda diqqətə çatdırılıb ki, bu məqsədlə bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılıq əldə olunub.
Həmçinin Misirin “əl-Diplomasi”, “Nile1” və “Yeni dünya xəbərləri” portallarında “Brüssel görüşü Azərbaycanın daha bir diplomatik qələbəsidir” sərlövhəli məqalə yayımlanıb. Məqalədə Şarl Mişelin görüşün yekunlarına dair bəyanatında diqqətçəkən məqamlar olduğu qeyd edilib. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti bir dəfə də olsun “Qarabağ münaqişəsi” kəlməsini işlətməyib. Bu, Azərbaycan və Ermənistanın ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh müqaviləsinin imzalanmasına yaxın olduqlarını göstərir.
İranın “Fars news”, “Tasnim news”, “Aftab news”, “İlna news”, “Farda news”, “Mehr news”, “Euro news” saytının fars dilindəki bölməsi və başqa mətbuat orqanları Prezident İlham Əliyevin Aİ Şurasının sədri Ş.Mişel və Ermənistanın baş naziri N.Paşinyanla apardığı danışıqlara geniş yer verib. Materiallarda nəzərə çatdırılıb ki, görüşlərdə qarşılıqlı etimadın qurulması, işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, sülh sazişinin hazırlanması prosesinin başlanması, münaqişədən əziyyət çəkən əhaliyə maliyyə yardımının göstərilməsi məsələləri müzakirə olunub.
Ukraynanın “İnterfax”, “RBK” informasiya agentlikləri, “Korrespondent.net” xəbər portalı və digər saytlarda yayımlanmış məqalələrdə isə bildirilir ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan tərəfindən ölkələr arasında sülh sazişinə doğru sürətli irəliləmək arzuları ifadə edilib. Bu məqsədlə bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırıq verilib.
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə səfəri və keçirdiyi görüşlər Gürcüstan mətbuatının da diqqət mərkəzində olub, “kavkasia.net (Kavkaz Online)”, “24news.ge”, “interpress.ge”, “aktual.ge” informasiya portalları görüşlərlə bağlı oxuculara dolğun informasiyalar təqdim ediblər.
Moldovanın “Tribuna”, “TV8” xəbər portalları, Yaponiyanın “ajmedia.jp” saytı, Meksikanın “Publimetro” qəzetinin elektron nəşrində dərc olunan materiallarda Brüssel görüşünün nəticələrinin səmərəli olduğu qeyd edilir.