Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan 57 ölkənin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası bu gün Albaniyanın sədrliyi ilə başlayır.
“Report” ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ikigünlük görüşün əvvəlcə Albaniyanın paytaxtı Tiranada keçirilməsi planlaşdırılmışdı, lakin COVID-19 pandemiyası səbəbi ilə tarixdə ilk dəfə iclas videokonfrans rejimində təşkil ediləcək.
Sessiya ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və Avropa və xarici işlər naziri Edi Ramanın, Parlament Assambleyasının (ATƏT PA) sədri Giorgi Tseretelinin çıxışları ilə açılacaq.
Ardından hər bir nazirin çıxışı olacaq.
Görüş iştirakçılarının onlayn formatda keçiriləcək plenar iclaslar zamanı ATƏT məkanında 2020-ci ildə baş verən bütün təhlükəsizlik məsələlərini və böhranları, o cümlədən Dağlıq Qarabağ nizamlanmasını nəzərdən keçirəcəyi gözlənilir.
XİNŞ iclası zamanı həmçinin təşkilatın baş katibinin, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktorunun, milli azlıqlar üzrə ali komissarının və söz azadlığı üzrə nümayəndəsinin namizədliklərinin razılaşdırılması və üç illik müddətə təyin edilməsi də planlaşdırılır. Bu postlar 2020-ci ilin iyul ayından bəri boşdur.
Xatırladaq ki, bu il ATƏT-ə Albaniya sədrlik edir, 2021-ci ildə isə sədrlik İsveçə keçəcək.