Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüşüb.
XİN Mətbuat xidməti idarəsindən "Report"a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramovun BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Martin Şüepp ilə bu ilin 7 dekabr tarixli görüşünün davamı olaraq, Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərində Komitənin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər 10 noyabr 2020-ci il tarixli birgə bəyanatdan sonra bölgədə yaranmış yeni vəziyyət, bütün kommunikasiyaların açılması, hər iki icmanın sülh və təhlükəsizlik şəraitində birgə yaşayışının təmin olunması və bəyanatdan irəli gələn digər məsələləri müzakirə ediblər.
BQXK tərəfindən ehtiyacı olan insanlara müvafiq yardımların göstərilməsi istiqamətində görülən işlər məmnunluqla qeyd olunub, Azərbaycanın BQXK-nın fəaliyyətini dəstəklədiyi vurğulanıb.
Görüşdə, habelə Azərbaycan ilə BQXK arasında əməkdaşlıq məsələləri, BQXK-nın ölkəmizdəki fəaliyyətinin səmərəliliyinin daha da artırılması yolları müzakirə edilib.