Azərbaycanla Əlcəzair, Venesuela, Mərakeş və İordaniya arasında Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət və əməkdaşlıq, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdə yaşayan milli icma naziri Ramtan Lamamra, Venesuelanın xalqın xarici gücü naziri Karloq Faria Tortosa, Mərakeş Krallığının xarici işlər, Afrika əməkdaşlığı, xaricdə yaşayan mərakeşlilər naziri Nasser Burita, habelə İordaniya Haşimi Krallığının Baş nazirinin müavini və xarici işlər naziri Ayman Safadi ilə keçirdiyi görüşlərdə qeyd edilib.
C.Bayramov bu ölkələr tərəfindən beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və qarşıdan gələn planlar barədə həmkarlarını məlumatlandırıb. Qarşı tərəf Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsi niyyətində olduqlarını bildiriblər.
Nazir 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə ölkəmiz tərəfindən görülən işlər, sülh prosesinin irəlilədilməsi üçün irəli sürdüyü təşəbbüslər və təkliflər barədə həmkarlarını məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı son təxribatlarının sülh gündəliyinə maneçilik törətmək və prosesləri ləngitmək məqsədi daşıdığı vurğulanıb.
Tərəflər ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin, xüsusilə də energetika, turizm, ticarət və s. istiqamətlərdə daha da dərinləşdirilməsi, siyasi məsləhətləşmələrin keçirilməsinin və parlamentlərarası təmasların artırılmasının vacib olduğunu qeyd ediblər.