Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-spikeri Ettore Rosatonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycan və İtaliya arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edən C.Bayramov 19-21 fevral 2020-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına tarixi dövlət səfərini xatırladıb. Nazir səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə tərəflərin bir-birlərini strateji tərəfdaş kimi qəbul etdiklərini, bununla siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, innovasiyalar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək yolu ilə qarşılıqlı istəklərini ortaya qoyduqlarını bildirib.
C.Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verərək uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsizliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliyanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyini minnətdarlıqla vurğulayıb.
E.Rosato qəbula görə təşəkkürünü bildirərək Azərbaycana xüsusi rəğbət bəslədiyini, belə ki, COVID-19 pandemiyasına baxmayaraq böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini, səfər çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış Ağdam şəhərini, habelə Ermənistan hərbi qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncəni ziyarət etdiklərini söylədi. Azərbaycanın mövqeyinin ədalətli olduğunu vurğulayan vitse-spiker, İtaliyanın Azərbaycan üçün dost ölkə olduğunu xüsusi qeyd etdi. Eyni zamanda E.Rosato İtaliya hökumətinin hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
Görüş zamanı İtaliya və Azərbaycan Parlamentlərinin xarici əlaqələr komitələri və dostluq qrupları arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.