Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.
XİN-dən "Report"a verilən məlumata görə, söhbət qarşı tərəfin təşəbbüsü ilə baş tutub.
D.Kuleba 28 May - Respublika Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib, ona səmimi və xoş arzularını çatdırıb.
Nazirlər bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov münaqişədən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli sazişlərin icrası, habelə sərhəd bölgəsində yaşanan son gərginliklər və Ermənistan tərəfinin təxribatları barədə Ukrayna xarici işlər nazirinə məlumat verib.
Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.