Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken amerikalı qanunvericilərə Azərbaycanın Ermənistana hücum ehtimalı barədə açıqlama verməyib, bu, düzgün deyil və heç də reallığı əks etdirmir.
Bu barədə “Report”a ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.
Dövlət Departamentinin rəsmi nümayəndəsinə istinadən “Report”un redaksiyasına göndərilən məlumatda deyilir:
“Bu məqalədəki (“Politico”dakı məqaləyə istinad - Qeyd) ifadələr qeyri-dəqiqdir və dövlət katibi Blinkenin amerikalı qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”.
“Dövlət katibi Blinkenin qeyd etdiyi kimi, Birləşmiş Ştatlar həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir”, - ABŞ-ın Bakıdakı səfirliyindən bildirilib.
Qeyd edək ki, Avropanın “Politico” nəşri Amerika diplomatiyasının rəhbərinin konqresmenlərlə görüşündə guya Azərbaycanın Ermənistana mümkün hücumu barədə xəbərdarlıq etdiyi barədə məqalə dərc edib.