Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Diasporla İş üzrə Dövlət Komitəsi və Paris Azərbaycan Evinin birgə layihəsi əsasında ölkəmizdə səfərdə olan fransalı jurnalistlər Alen Romestand və Qregori Herpe ilə görüşüb.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində 1988-1993-cü illərdə qaçqın və məcburi köçkün vəziyyətinə düşən azərbaycanlıların üzləşdikləri çətinliklər, onların problemlərinin həlli ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirlər barədə qonaqlara ətraflı məlumat verilib. Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqaməti kimi bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərildiyi bildirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil imkanlarının genişləndirilməsi, sağlamlığının qorunması üçün zəruri iş apardığı qeyd olunub.
Qonaqlara 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqlar, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllü və ləyaqətlə həmin ərazilərə qayıdışı üçün görülən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, Ermənistan otuz ilə yaxın işğal altında saxladığı əraziləri xarabalığa çevirib, Azərbaycan xalqının Şərqi Zəngəzurda və Qarabağda əsrlər boyu yaratdığı maddi-mənəvi irsi məhv etməyə çalışıb. İşğal və onun nəticələri, həmçinin Azərbaycanın hərbi-siyasi qələbəsindən sonra yaranan vəziyyət barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında nüfuzlu və tanınmış jurnalistlərin obyektiv, dəqiq və qərəzsiz yanaşmasının vacib şərt olduğu vurğulanıb.
Fransalı jurnalistlər səmimi görüşə görə təşəkkür edib, ölkəmizə səfərin məqsədi barədə məlumat veriblər.
Daha sonra qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
Görüşdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva iştirak edib.
Fransalı jurnalistlər Bakının Qaradağ rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qobu park” yaşayış kompleksində də olublar. Burada onlar məcburi köçkünlərin yaşayış şəraitinə baxıb, “Xarıbülbül” sənət mərkəzindəki iş yerlərinə baş çəkib, doğma yurda qayıtmağa hazırlaşan sakinlərlə söhbətləşiblər.