Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi anti-Azərbaycan qətnaməsi açıq-aşkar qərəzli xarakter daşıyır.
Bunu rusiyalı ekspert Aleksandr Razuvayev bu sənədin qəbulunu "Report"a şərh edərkən deyib.
O bildirib ki, avropalı deputatlar Azərbaycan rəhbərliyinin müstəqil siyasətini bəyənmirlər.
“Bu qətnamə Avropa üçün ənənəvi olan türkofobiya və İslamofobiyanı göstərir... Aydındır ki, Fransa, Ermənistan və erməni lobbisinin yalançı narrativlərinə əsaslanan qətnamə qərəzlidir və nifrəti qızışdırır. Ümumiyyətlə, Avropa İttifaqını Cənubi Qafqazın niyə maraqlandırdığı o qədər də aydın deyil”, - A.Razuvayev qeyd edib.
Ekspert Avropa Parlamentində belə qətnamələrin qəbuluna təsir edən korrupsiya faktorlarının olması ehtimalını da vurğulayıb.
“Ola bilsin ki, orada korrupsiya var. Avropa Parlamentinin bu qətnaməsindən belə nəticəyə gəlmək olar ki, Azərbaycan rəhbərliyinin və şəxsən Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Avropanın xoşuna gəlmir. Burada təəccüblü heç nə yoxdur, hesab edirəm ki, bunu sadəcə gözardı etmək lazımdır”, - A.Razuvayev bildirib.
Ekspertin fikrincə, güclü və uğurlu ölkə olan Azərbaycan müstəqil xarici siyasətini davam etdirəcək, əcdadların irsində, eləcə də əsas dinlərdə - İslam və pravoslavlıqda kök salmış ənənələrə, mədəni dəyərlərə əməl edəcək.