Ekspert: Azərbaycanın ŞƏT-ə üzvlüyü logistika dəhlizlərinin inkişafına töhfə verəcək

Ekspert: Azərbaycanın ŞƏT-ə üzvlüyü logistika dəhlizlərinin inkişafına töhfə verəcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə Azərbaycan arasında münasibətlər xüsusən də bütün iştirakçıları ilə yaxşı əlaqə və təmaslar nəzərə alınmaqla, yüksək səviyyədə qarşılıqlı etimad, eləcə də əməkdaşlıq ilə xarakterizə olunur.
Xarici siyasət
4 İyul , 2024 12:44
Ekspert: Azərbaycanın ŞƏT-ə üzvlüyü logistika dəhlizlərinin inkişafına töhfə verəcək

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə Azərbaycan arasında münasibətlər xüsusən də bütün iştirakçıları ilə yaxşı əlaqə və təmaslar nəzərə alınmaqla, yüksək səviyyədə qarşılıqlı etimad, eləcə də əməkdaşlıqla xarakterizə olunur.

Bu barədə "Report"a açıqlamasında İbn Həldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmaları Mərkəzinin elmi işçisi Eldəniz Hüseynov məlumat verib.

Onun fikrincə, Azərbaycanın ŞƏT-dəki hazırkı statusu terrorizm və ekstremizmə qarşı mübarizə, narkotiklərin istehsalı və qanunsuz dövriyyəsi, eləcə də kibercinayətkarlıq ilə mübarizə kimi sahələrdə əməkdaşlıq imkanları açır: “Hesab edirəm ki, Azərbaycanın strateji marağı nəqliyyat və enerji kimi sahələrdə əməkdaşlığı genişləndirməkdir”.

E.Hüseynov bildirib ki, Azərbaycanın təşkilata daxil olması perspektivləri barədə hələki birmənalı danışmaq çətindir: “Hesab edirəm ki, təşkilat çərçivəsində əməkdaşlığın genişlənməsi ilə xüsusən də nəqliyyat və energetika kimi sahələrdə Cənubi Qafqazın bütün ölkələri ŞƏT-də öz iştirakını tədricən genişləndirəcək”.

Ekspert vurğulayıb ki, Azərbaycan strateji əhəmiyyətli coğrafi mövqeyə və zəngin enerji resurslarına malikdir: “Ölkənin ŞƏT-ə daxil olması yeni nəqliyyat və enerji dəhlizlərinin inkişafına, təşkilata üzv ölkələr arasında logistika və ticarət əlaqələrinin yaxşılaşdırılmasına töhfə verə bilər. Bu, Azərbaycan iqtisadiyyatının daha geniş regional kontekstə inteqrasiyasına kömək edəcək, ticarətin artımını və şaxələnməsini təşviq edəcək”.

"Daha geniş kontekstdə nəqliyyat və logistika infrastrukturunun inkişafı üzrə birgə səylər iqtisadi inteqrasiyanı əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, Azərbaycan Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına kömək etməklə iri infrastruktur layihələrinin həyata keçirilməsində əsas rol oynaya bilər", - E.Hüseynov qeyd edib.

Onun sözlərinə görə, ölkə regionun enerji təhlükəsizliyinə də mühüm töhfə verə bilər: "Azərbaycan ən böyük neft və qaz istehsalçılarından biri kimi regionun enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər. Bərpa olunan enerji və enerji resurslarının nəqli üçün infrastrukturun inkişafı sahəsində birgə layihələr əməkdaşlığın mühüm aspektlərinə çevrilə bilər".

Son xəbərlər

Orphus sistemi