“Regiondakı yeni reallıqları nəzərə alaraq, ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayevin Cənubi Qafqaz ölkələri ilə münasibətlərin formatına fərqli şəkildə baxmaq perspektivi olacaq”.
Bunu “Report”a rusiyalı politoloq Anton Bredıxin Rusiya tərəfindən ATƏT-in Minsk qrupuna yeni həmsədrin təyin olunmasını şərh edərkən bildirib.
O, təşkilatın regionda rolunun artacağına əminliyini ifadə edib: “Hazırda fəaliyyəti bu və ya digər formada Cənubi Qafqazla bağlı olan bütün beynəlxalq meydançaların və təşkilatların transformasiyası baş verir. Rəsmi Moskva Azərbaycan və Ermənistan arasında dinc dialoqun təmin edilməsinin aparıcı tərəfi qismində çıxış edir”.
Ekspertin fikrincə, Minsk qrupunun rusiyalı həmsədrinin dəyişməsi növbədənkənar addım deyil, sadəcə Rusiyanın daha fəal xarici siyasət yürütmək səyləri ilə bağlıdır: “Düşünürəm ki, ona regionda vəziyyətin yaxşılaşdırılması, təhlükəsizliyin təmin edilməsi və bu prosesin bütün iştirakçıları arasında yeni təmas nöqtələrinin axtarışı üzrə yeni funksiyalar həvalə ediləcək. Hesab edirəm ki, bu meydançanın rolu artmaqda davam edəcək və tezliklə həm rəsmi Bakı, həm də rəsmi İrəvan qrupun fəaliyyətinin nəticələrini görəcəklər”.
Xatırladaq ki, iyulun 29-da Rusiya ATƏT-in Minsk qrupundakı nümayəndəsini dəyişib. Bu vəzifədə İqor Popovu Rusiyanın Filippindəki səfiri olmuş İqor Xovayev əvəz edib.
İqor Popov 2010-cu ildən etibarən ATƏT-in Minsk qrupunun həmsədri olub.
Çiçək Məmmədova