"ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi faktları bilməli, erməni diasporunun təbliğatına uyaraq Azərbaycanı əsassız ittiham etməməlidir”.
Bunu “Report”a Pakistanın Birgə Gələcək Cəmiyyəti Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm bildirib.
"Nensi Pelosi yaxın keçmişdə işğaldan azad edilmiş Qarabağ bölgəsinin Ermənistan tərəfindən az qala yerlə-yeksan edilməsinə göz yumub. Pelosi sadəcə özünü məlumatsız kimi göstərir. O, on ildən artıqdır ki, erməni lobbisi ilə əməkdaşlıq edir", - Xalid Teymur Əkrəm əlavə edib.
O, Nensi Pelosinin Ermənistana səfərinin ABŞ-ın vacib siyasətçisinin səfəri kimi qiymətləndirilməsinin düzgün olmadığını, bunun sadəcə ABŞ-dakı erməni diasporunun dəstəyini almaq üçün siyasi hiylə olduğunu deyib.
Əkrəmin sözlərinə görə, Pelosi faktları bilməli və erməni diasporunun təbliğatına uymamalıdır: “Nensi Pelosi və ABŞ Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasətini, minlərlə azərbaycanlıya qarşı aparılmış etnik təmizləmə siyasətini pisləməlidir".
"Qərb mətbuatı Ermənistanın tərəfini tutur və faktları gizlədir. Yalan və təbliğat təkcə ABŞ siyasətçilərinə deyil, həm də avropalılara təsir etmək imkanına malik erməni diasporu tərəfindən yaradılır. Müharibəni qızışdıran erməni diasporu, yəqin ki, "böyük Ermənistan" xülyası qurur”, - o fikrini tamamlayıb.