“Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana son səfəri ikitərəfli münasibətlərin bütün sahələrində, ilk növbədə, iqtisadi sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaratdı”.
Bunu "Report"a Gürcüstanın Qafqaz İslam Araşdırmaları Mərkəzinin direktoru Şota Apxaidze məlumat verib.
Ekspertin sözlərinə görə, səfər çərçivəsində əsas müzakirə mövzularından biri Azərbaycanın enerji resurslarının Gürcüstandan keçməklə Avropaya nəqli məsələsi olub.
"Gürcüstanda enerji böhranı bir çox sektorlarda özünü göstərir, ona görə də bu istiqamətdə tərəfdaşlıq Gürcüstan üçün çox vacibdir", - o deyib.
Şərq-Qərb istiqamətində, yaxud Orta Dəhliz vasitəsilə yükdaşımaları həcminin artırılması məsələsinə münasibət bildirən Ş.Apxaidze bildirib ki, tərəflər tariflərin optimallaşdırılmasını, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən vahid tarifin tətbiqini nəzərdə tutan üçtərəfli gömrük layihəsini müzakirə edir: "Bu, ölkələr arasında ticarətin, ixracın və idxalın daha da inkişaf etdirilməsi baxımından çox vacibdir".