“Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdiyi üçün qələbənin ildönümü bu il xüsusi qürur və təntənə ilə qeyd olunacaq".
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev “Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” mövzusunda keçirilən simpoziumda deyib.
“Bugünkü tədbirin əsas məqsədi postmünaqişə dövründə münasibətlərin normallaşdırılması üçün çağırışlar və perspektivləri müzakirə etməkdir. Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması məsələsi hələ də aktual olaraq qalır. Azərbaycan dəfələrlə bu sənədi imzalamağa hazır olduğunu bəyan edib. Ancaq bəzi qüvvələr hələ də tam normallaşmaya mane olur”, - o bildirib.
F.Şəfiyev onu da vurğulayıb ki, Azərbaycan sülh sazişinin imzalanmasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-logistika əlaqələrinin açılması kimi prinsiplərə sadiqdir.