Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın Madrid prinsiplərindən imtina etməsini şərh edib.
"Report"un xəbərinə görə, o bildirib ki, Ermənistan rəsmiləri müxtəlif səviyyələrdə Madrid prinsiplərindən imtina etdiklərini açıqlayıblar.
“Əslində bu, 26 ildir aparılan danışıqlar çərçivəsində son 10 ildə gedən müzakirələrin sonu deməkdir. Bu tendensiya 2019-cu ilin martından bu yana davam edir. Əvəzində isə erməni milliyyətçiləri həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən “Sevr” prinsipini irəli sürürlər. Bu isə ekspansionist “böyük Ermənistan” layihəsinin irəliləyişi deməkdir”, - mərkəz rəhbəri vurğulayıb.
O xatırladıb ki, bu günlərdə Livan ermənilərinin Azərbaycanın işğal olunmuş torpaqlarına yerləşdirilməsi və Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşının Azərbaycanın işğal olunmuş torpaqlarında “hərbi təlimlərə” qatılması danışıqların yenidən başlaması ehtimalının məhvi istiqamətində atılmış addımdır: "ATƏT-in Minsk qrupu həmsədrləri baş verən son proseslərlə bağlı öz mövqelərini birmənalı olaraq bəyan etməlidirlər. Eyni zamanda erməni milliyyətçiləri sərgilədikləri son hərbi duruşdan sevincli olsalar da, bu da aydındır ki, Ermənistanda qondarma “məxməri inqilab” artıq başa çatıb. Mən tək beynəlxalq yanaşma deyil, həm də yerli ab-havadan bəhs edirəm. İndiki Ermənistan hökuməti də əslində əvvəlki rejimin həm daxili, həm də xarici kurs və mövcud müttəfiqliklərini təkrarlayır”.