Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi Akademiyanın nümayəndə heyəti Ukraynanın Xarkov şəhərində işgüzar səfərdə olub.
Nazirlikdən "Report"a verilən məlumata görə, səfər çərçivəsində FHN Akademiyasının nümayəndə heyəti Ukraynanın Milli Mülki Müdafiə və Xarkov Milli Radioelektronika universitetlərində, Ukrayna Milli Texniki Univeristetinin “Xarkov Politexnik İnsitutu”nda bir sıra görüşlər keçirib, ali tədris ocaqlarının fəaliyyəti ilə tanış olub.
Görüşlər zamanı elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib, xüsusilə böhran psixologiyası ilə bağlı qarşılıqlı faydalı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
FHN Akademiyasının rəisi general-mayor Baba Salayev Ukraynanın Milli Mülki Müdafiə Universitetinin rektoru general-leytenat Vladimir Sadkovoy tərəfindən əməkdaşlıq çərçivəsində Universitetin 90 illik yubiley medalı ilə təltif edilib.