Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi Türkiyə Respublikasına yola düşüb.
"Report"un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu bu gün saat 10:00-da yola salınacaq.
Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası və 150 nəfər yanğınsöndürən daxildir.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.
İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.