Filippinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə yeni təyin olunmuş səfiri Henri Jr. Bensurton (Henry Bensurto) "Report"un Ankara bürosuna müsahibəsində Azərbaycana səfəri, iki ölkə arasında münasibətlərin inkişaf tendensiyası, parlamentlərarası əlaqələr, Azərbaycanın Asiya ölkələri ilə bağlı xarici siyasəti və digər mövzular ətrafında sualları cavablandırıb:
- Cənab səfir, iyul ayında Azərbaycana səfər edərək etimadnamənizi Prezident İlham Əliyevə təqdim etdiniz. Əvvəlcə bu səfər barədə təəssüratlarınızı öyrənmək istərdik.
- Artıq rəsmi olaraq Filippinin Azərbaycandakı səfiri kimi fəaliyyətə başlamışam və buna görə şadam. Çünki xalq olaraq aramızda paylaşacağımız çox şeylər var. Coğrafi olaraq ölkələrimiz arasında məsafə uzaq olsa da, müasir texnologiyalar əlaqələrimizi yaxınlaşdırır. Bakı məftunedici bir şəhərdir. Orada Şərq və Qərbi özündə ehtiva edən müasir bir şəhər tipi gördüm. İnsanları olduqca tolerantdır. Yerli sakinlər fərqli mədəniyyətlərə böyük dəyər verir və səninlə çox tez dostlaşırlar. Azərbaycanlıların qonaqpərvərliyini və dostluğunu təqdir edirəm, bu xüsusiyyətiniz bizə çox yaxındır. Biz filippinlilər təşəkkürümüzü “salamat” sözü ilə ifadə edirik. Bu ifadəni azərbaycanlıların da dilindən eşidəndə maraqlandım və məlum oldu ki, sizdə də çox işlək ifadədir. Yəni, ortaq cəhətlərimiz çoxdur. Xalqlarımız bir-biriləri ilə bənzərlikləri və yaxınlıqları həm də mənim səfir kimi diplomatik fəaliyyətimin uğurlu keçəcəyinə böyük inam yaradır. İnsanlarımız arasındakı münasibətləri diqqətə alaraq uyğunlaşan bu əlaqələrimizi yaxın gələcəkdə genişləndirməyin yollarını düşünürəm.
Bakıda keçirdiyim rəsmi görüşlərdə də bu məsələyə diqqət çəkdim. Üzərində durduğum önəmli məsələlərdən biri havayolu xidmətləri ilə bağlı idi. İstəyirəm ki, yaxın gələcəkdə Azərbaycanla Filippin arasında birbaşa uçuşlar olsun və xalqlarımız qarşılıqlı olaraq daha rahat səyahət edə bilsinlər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə viza məsələsini gündəmə gətirdik. Çalışıram ki, aramızdakı viza mübadiləsi asanlaşsın və yalnız diplomatlar deyil, sadə vətəndaşlarımız da qarşılıqlı səfər etmək imkanı əldə etsin. Bütün bunlar həm də xalqlarımızın yaxınlaşmasına daha da stimul verə bilər. Təbii ki, bunlar hələ bir ideyadır və biz reallaşmasına çalışacağıq. Azərbaycanda görüşdüyüm rəsmilərlə söhbətlərimiz, müzakirələrimiz də çox maraqlı və faydalı keçdi. Ona görə də bu məsələlərdə nikbinəm. Hazırda Azərbaycan dünyanın qlobal oyunçulardan biri olduğunu nəzərə alsaq, bu kimi anlaşmalar və qərarlar ölkənin xeyrinədir.
- Filippin-Azərbaycan parlamentlərarası əlaqələrin hazırkı fəaliyyəti barədə nə deyə bilərsiniz?
- May ayında Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Filippin parlamentinin nümayəndələr palatasının xarici əlaqələr komitəsinin sədri Reyçel Arenasın (Rachel Arenas) da iştirakı ilə yüksək səviyyəli bir heyət bu tədbirdə iştirak etmək üçün Bakıya səfər etdi. Mən də Türkiyədən getmişdim. Xanım Arenas səfəri müddətində Bakıdakı rəsmi şəxslərlə müxtəlif səviyyəli görüşlər keçirdi. Eyni zamanda, VI çağırış Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla da görüşərək müxtəlif məsələləri müzakirə etdi. Biz inanırıq ki, Azərbaycan-Filippin parlamentlərarası münasibətləri yaxın gələcəkdə daha da inkişaf edəcək.
- Azərbaycanın Asiya ölkələri ilə bağlı xarici siyasətini necə dəyərləndirirsiz?
- Azərbaycan istər qlobal miqyasda, istərsə regionda mühüm rol oynayır. Son vaxtlar ən mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Qarşıda isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi böyük bir tədbirin keçirilməsi gözlənilir. İnanıram ki, hazırda bütün dünyanın diqqətinin üzərində olduğu bu tədbirin də öhdəsindən rəsmi Bakı uğurla gələcək. Bütün bunlar Azərbaycanın beynəlxalq səhnədəki önəmli rolunu əks etdirir. Biz Azərbaycanın rolunu Asiya-Sakit okean regionunda da görürük. Regionun bir ölkəsinin diplomatı və nümayəndəsi olaraq deyə bilərəm ki, Azərbaycan Asiya-Sakit okean regionunda uğurlu siyasət yürüdür. Bunun nəticəsi olaraq inanıram ki, region ölkələri ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr daha da dərinləşəcək.
- Azərbaycanla əməkdaşlıq mövzusunda yaxın zamanlar üçün nə kimi planlarınız var?
- Bakıda Filippin Mədəniyyət Günləri keçirərək mədəniyyətimizi tanıtmaq istəyirik. Bununla bağlı xüsusi layihələrimiz var. Ümumilikdə, planlarımız çoxdur. Biz bütün bunları addım-addım etməliyik.