Fransada seçkiqabağı yarış kulminasiya nöqtəsinə yaxınlaşır. 2022-ci ilin aprelində dünya Yelisey sarayının yeni “sahibinin” kimliyini öyrənəcək. Amma ola bilsin, bu şəxs heç dəyişməsin də - Emmanuel Makronun ikinci müddətə prezident qalmaq imkanı var.
Onun əsas rəqibləri isə Milli Birlik Partiyasından Marin Le Pen, yazıçı və yeni “Rekonkista” hərəkatının lideri Erik Zemmur və Respublikaçılar Partiyasının namizədi, paytaxt Parisin də daxil olduğu İl de Frans regionunun başçısı Valeri Pekresdir.
Son iki nəfərə xüsusi diqqət ayırmaq lazımdır, axı onlar hələ heç prezident seçilmədən Fransaya yeni koloniya ilhaq etməyi bacarıblar.
Seçki kampaniyaları zamanı əvvəlcə Erik Zemmurun, sonra isə Valeri Pekresin Ermənistana gəlməsini başqa necə izah etmək olar?
Özü də hər iki namizəd Ermənistanın həm “prezidenti”, həm də “baş naziri” tərəfindən böyük təntənə ilə qarşılanır. Buradakı dırnaq işarələri təsadüfi deyil - Ermənistan seçkiqabağı yarışda belə fəal iştirak etməklə açıq şəkildə Fransanın müstəmləkəsinə çevrilməyə çalışır.
Düzdür, bu əsnada da Nikol Paşinyana bir neçə sual yaranır – belə asanlıqla “satdığı” Makron onu niyə qane etmədi? Bəlkə Paşinyan dünyanın ən çox “incidilən”lərinin şikayətçi çağırışları əsasında üstünlüklərə nail olmaq istədiyi, amma buna müvəffəq ola bilmədiyi Makronun Prezident İlham Əliyevlə son görüşünə görə ondan inciyib? Yoxsa Makron artıq başa düşüb ki, Ermənistan rəhbərliyinə arxalanmaq qətiyyən mümkün deyil – onlar yaltaq çıxışlar altında sakitcə arxadan zərbə vuracaq?
Ermənistanın siyasi rəhbərliyində vaxtaşırı səsləndirilən əbədi sədaqət andlarına baxmayaraq, Rusiyaya xəyanət də İrəvan diplomatiyasının əsl simasını göstərir.
Paşinyan eyni zamanda hamıya – Moskvaya, Vaşinqtona, Parisə, lazım gələrsə, hətta Pekinə, Delhiyə yaramağa çalışır. Amma dərk etmir ki, müasir siyasətdə 3-4 stulda eyni vaxtda oturmaq artıq mümkün deyil. Özü də Ermənistan rəhbərliyi eyni ölkə daxilində müxtəlif siyasi qüvvələrə yaltaqlanmağa çalışır və bu, çoxvektorluluq yox, Rusiya Prezidenti Vladimir Putinin təbirincə desək, “yüngül əxlaqlı qadın”ın davranışına bənzər başqa bir şeydir.
Paşinyanın prinsipləri ilə bağlı hər şey az-çox aydın olsa da, bəs Fransa prezidentliyinə namizədlər niyə tam qanuni olmayan üsullarla əlavə səslər qazanmağa can atırlar?
Valeri Pekres təcrübəli siyasətçi olduğundan başa düşür ki, rəsmi Bakının icazəsi olmadan Qarabağın Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi hissəsinə səfər etməklə Azərbaycanın aşkar narazılığına səbəb olacaq. Bəs birdən o, Fransanın prezidenti olsa, onda səhvini necə düzəldəcək? Fransa ermənilərinin 1% səsi naminə Avropa demokratiyasının sütunlarından birinin mümkün xarici siyasətini təhlükə altına atmağa dəyərdimi?
Amma məsələ təkcə seçicilərin səslərindən getmir. Pekres, ola bilsin, seçki kampaniyasına imkanlı ermənilərin səxavətlə qatılacağına ümid edir və bunun üçün rəsmi Bakını xəbərdar etmədən Azərbaycan Respublikasının suveren ərazisinə səfər etmək kimi açıq təxribat xarakterli addımların faydalı ola biləcəyini düşünür.
Ancaq ümid edirəm ki, Fransa üçün hər şey yaxşı bitəcək və belə ehtiyatsız, qeyri-ciddi xanım prezident kimi Yelisey sarayına daxil olmayacaq. Fransa siyasəti həmişə birtərəfli, açıq desək, ermənipərəst olsa da, indiyə qədər Parisdə ən yüksək vəzifəyə iddialı olan heç bir fransız siyasətçi başqa ölkənin suveren ərazisinə qanunsuz səfər kimi absurd addım atmamışdı.
Eyni zamanda, növbəti dəfə Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı suallar yaranır. Hər halda, xanım Pekresi yük maşınında, un kisələrinin içərisində Xankəndiyə aparmayıblar. Axı avtomobil korteji bir müddət əvvəl Ermənistan vətəndaşının Rusiya sülhməramlılarının blok-postunda azərbaycanlı hərbçilərə atdığı qumbara deyil ki onu görməyəsən.
Fransa prezidentliyinə namizədin Azərbaycanın suveren ərazisinin bir hissəsinə qanunsuz səfəri ilə bağlı hadisə həmçinin Rusiya sülhməramlılarının siyasi savadsızlığını nümayiş etdirir. Axı necə də olmasa, Fransa bir neçə ildir Rusiyanın xarici siyasətinə qarşı çıxan Avropa ölkələrindən biridir.
Ən əsası, sülhməramlıların vəzifəsi məhz Qarabağın erməni əhalisinin Azərbaycanın ictimai-siyasi həyatına inteqrasiyası dövründə təhlükəsizliyi təmin etməkdir. Belə səfərlər isə heç də göstərilən məqsədlərə xidmət etmir, əksinə, nifrət hissinin alovlanmasına və hansısa “müstəqillik”lə bağlı utopik fikirlərin təşviqinə xidmət edir.
Belə hallar nə qədər çox olursa, Laçın dəhlizində Azərbaycan Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin yaradılması məsələsi də bir o qədər aktuallaşır. Özü də bu, Azərbaycan ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının başlarının “qastrol səfərlərinə” çıxanların cəfəng ideyaları ilə doldurulmamasına da kömək edəcək.