"Fransa Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan liderlərinin son səylərini tam dəstəkləyir və iki ölkə arasındakı münasibətlərin normallaşmasına dəstək verməyə hazırdır".
“Report” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros bildirib.
“Yaxın vaxtda Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair danışıqlar keçirilməsi üçün həqiqi imkanlar var. Bu məsələni hər iki ölkənin lideri müzakirə edib. Onlar arasında başlıca məsələlərə dair məktub mübadiləsi aparılıb, rəsmi təmaslar baş tutub. Həmçinin vətəndaş cəmiyyəti nümayəndələri də görüşüblər. Bütün bunlar ehtiyatlı nikbinlik üçün əsas yaradır”,- o deyib.
Diplomatın fikrincə, bütün bunlara baxmayaraq sülh sazişi imzalamaq asan olmayacaq.
“Vətəndaş cəmiyyəti mühüm rol oynaya bilər. Alimlər, beyin mərkəzləri, rəssamlar, yazıçılar, aktyorlar, iş adamları, sadə vətəndaşlar sülh üçün rəy bildirməklə bu prosesə təkan verə bilərlər. Xüsusilə qadınların sülhyaratmada mühüm rolu beynəlxalq səviyyədə təsdiq olunub”,- səfir vurğulayıb.