Fransada fəaliyyət göstərən "Paris Azərbaycan Evi", ölkəmizin Fransadakı səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə bu ölkənin paytaxtı Parisdə uşaqlar üçün Novruz şənliyi təşkil edib.
"Report"un yerli bürosunun verdiyi xəbərə görə, Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirə Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova, Azərbaycanın YUNESCO yanında daimi nümayəndəliyinin əməkdaşları, Fransada yaşayan gənc həmvətənlərimiz, valideynlər, həmçinin fransız ailələri iştirak ediblər.
Təşkilatın rəhbəri Mirvari Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Paris Azərbaycan Evinin ənənəvi olaraq Vətəndən uzaqda yaşayan azərbaycanlı və qarışıq ailələrin uşaqlarına milli adət-ənənələrimizi aşılamaq, milli mənsubiyyətlərini və tariximizi unutdurmamaq məqsədi ilə silsilə bayram şənlikləri və digər tədbirlər təşkil etdiyini bildirib. O, bu tədbirlərin gənc nəslin Vətənə bağlılığını və milli adət-ənənələrimizə olan maraqlarını daha da artırmasında böyük rolu olduğunu vurğulayıb.
Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri N.Hüseynova əsrlərdən bəri nəsildən-nəsilə ötürülən və xalqımızın mədəni dəyərlərini, dünyagörüşünü özündə ehtiva edən Novruz bayramının ən önəmli mədəni sərvətlərimizdən olduğunu qeyd edib. Sülh, dostluq, birlik, mərhəmət hisslərini aşılayan bu bayramın eyni zamanda ümumbəşəri irsə bir töhfə olduğunu bildirib.
Novruz bayramının ölkə hüdudlarından kənardakı soydaşlarımız tərəfindən də qeyd edildiyini və bayram ənənələrinin ölkə xaricində də gələcək nəsillərə ötürülməsinin vacibliyinə toxunub.
Diplomat Azərbaycanın səfirliyi adından qonaqları təbrik edib.
Daha sonra təşkilatın sədr müavini, layihənin bədii rəhbəri Mehri Quliyeva şənliyin proqramı barədə məlumat verərək, belə layihələrin Fransada böyüyən gənc nəslin mədəniyyətimizə olan marağının qürurverici bir hal olduğunu qeyd edib.
Şənlikdə xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən dərnəklər təşkil olunub. Milli geyimdə olan uşaqlar Novruz ənənələrinə uyğun olaraq yumurta bəzəməsi, yumurta döyüşməsi, bayram şirniyyatlarının hazırlanma qaydaları ilə tanış olublar. Gənc soydaşımız Səma qonaqlara “Uzundərə”, “Naz eləmə”, “Nəlbəki” rəqslərini nümayiş etdirib. Uşaqlar və valideynlər milli musiqi sədaları altında rəqs ediblər.
Şənliyin sonunda təşkilatçılar gələn qonaqları müxtəlif milli atributlarla, ləziz şirniyyat nümunələri ilə bəzədilmiş bayram süfrəsinə dəvət ediblər.