"Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyindən sülhdən danışmaq olar".
Bunu "Report"un Fransa bürosuna Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü, deputat Mişel Vyale (Michel Vialay) açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış üçtərəfli razılaşmanın şərtlərinə hörmət edilməlidir: "Bu razılaşma BMT-nin qətnamələrinə uyğun gəlir və onların həyata keçirilməsi deməkdir. Əlbəttə, hamımız ümid edirdik ki, ATƏT-in Minsk qrupu bu münaqişəni müharibə baş vermədən həll etməyə nail olacaq. Təəssüf ki, Minsk qrupu münaqişənin həllinə səhlənkar yanaşdı. Müharibədən sonrakı mərhələdə ölkələr arasında gərginliyin qalması isə təbii haldir. Bu, hər zaman belə olub və bu gün bütün ölkələrdə baş verir. Gərginliyin aradan qalxması və sülhün bərpa olunması üçün vaxt tələb olunur".
Fransalı deputat Dağlıq Qarabağın işğalı zamanı ermənilərin törətdikləri dağıntılara da toxunub: "30 ildə ermənilər işğal etdikləri ərazilərdə dağıntılar törədiblər. Bundan əlavə, müharibənin sonunda işğal olunmuş əraziləri tərk edərkən də evləri yandırıb, əraziyə böyük ziyanlar vurublar. Bütün bunları yenidən tikmək, infrastrukturu yenidən inşa etməyə ehtiyac var. Azərbaycanın öz sərhədlərini bərpa edə bilməsi də bu məsələdə öz müsbət rolunu oynayacaq. Yenidənqurma işlərinə başlanılması, sülhün bərpa olunması üçün imkanlar və bu da öz növbəsində sakit gələcəyin qurulması üçün böyük perspektivlər açır".
M.Vyale Dağlıq Qarabağda infrastrukturun yeni texnologiyalar əsasında qurulacağını, bunun da öz növbəsində ətraf mühitin mühafizəsi və digər məsələlərdə daha müvafiq avadanlıqlarla təmin edilməsi üçün bir şans olduğunu da vurğulayıb: "Dağlıq Qarabağda infrastrukturun yenidən qurulması ətraf mühitin mühafizəsi üçün daha uyğun olan vasitələrdən istifadəsinə böyük imkanlar açır. Belə ki, yeni avadanlıq quraşdırılarkən ətraf mühitə xələl gətirməyən metodları tətbiq etmək daha asan olur".