Olimpiya Oyunlarının açılış mərasimində azərbaycanlı və erməni idmançıların keçidi zamanı jurnalistin təxribatçı ifadələri Fransa hökuməti ilə erməni millətçiləri arasındakı sıx koalisiyanın tərənnümüdür.
Bunu "Report"un Fransa bürosuna açıqlamasında ölkənin "Musulmansenfrance" portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brən (Jean-Michel Brun) Fransanın "Fr2" telekanalında azərbaycanlı və erməni idmançıların keçidi zamanı işlətdiyi təxribatçı ifadələrə münasibətini bildirərkən deyib.
O bildirib ki, "Fr2" telekanalının jurnalisti Loran Delaus Laurent Delahousse ona öyrədilən dərsi təkrarlayır.
"Belə ki, Fransa hökuməti ilə erməni millətçiləri arasında sıx bir koalisiya var. Fransa hökuməti ilə Ara Toranyan və Murad Papazyanın təmsil etdiyi " Daşnaksütyun" partiyası arasında olan bu həmrəylik ölkənin siyasi dairələrinin mühüm bir hissəsində ermənipərəst ab-hava yaradıb. Halbuki ermənilərin özləri, hətta demək olar ki, əksəriyyəti bu ifratçı erməni partiyasının ideyalarını dəstəkləmirlər" ,- J.Brən bildirib.
Onun sözlərinə görə, Murad Papazyan Fransada 80-dən artıq KİV orqanına rəhbərlik edir. Bunların arasında Fransanın Jurnalistika məktəbləri də var. Bu, o deməkdir ki, fransalı jurnalistlər bu məktəblərdə formalaşırlar. Beləliklə, Loran Delausun da daxil, fransalı jurnalistlər ermənilərin dediklərini təkrarlayırlar.
Ekspert bildirib ki, jurnalist nəinki obyektiv, hətta düzgün və ədalətli olmalıdır: "Jurnalistin verdiyi xəbərlər insanları aldatmamalı, səhv yol göstərməməlidir. Təəssüflər olsun ki, erməni məktəblərində təhsil almış fransalı jurnalistlər heç bir müstəqil araşdırma aparmadan ifratçı və millətçi erməni ideyalarını təkrar etməklə məşğul olurlar".
Mişel Brən əlavə edib ki, Olimpiya Oyunları çox zaman keçirilən ölkənin mentalitetini tərənnüm edir: "İspaniyanın Barselona şəhərində keçirilən Olimpiya Oyunları zamanı rəngarənglik, sevinc dolu bir ab-hava müşayiət etmişdik. Böyük Britaniyanın paytaxtında keçirilən Olimpiya Oyunlarının açılışı zamanı keyfiyyət və yüksək peşəkarlıq, Pekində nizam-intizam, xalqın həmrəyliyi hiss olunurdu. Paris Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı isə bir daha bugünkü fransız təfəkkürü özünü göstərdi".
Ekspertin sözlərinə görə, öncə Fransa hökuməti Olimpiya Oyunlarını siyasiləşdirməmək barədə qərar versə də, buna riayət olunmadı. Digər tərəfdən, idmançıları daşıyan gəmilərin vəziyyətinin acınacaqlı halda olması böyük təəssüf doğurur.
"Nümayiş olunan ideyalar, işıqlar, bər-bəzək, Eyfel Qülləsinin işıqlandırılması pis deyildi. Selin Dionun məhəbbətə həsr olunmuş mahnı ifa etməsi, Fransa himninin bayrağımız qarşısında qara irqdən olan müğənni tərəfindən oxunması yaxşı hal idi. Lakin bütün bunlar üzdən bəzədilmiş, içi bərbad vəziyyətdə olan evi xatırladırdı. Fransanın dəyərləri azadlıq, bərabərlik, qardaşlıq olduğu halda başı kəsilmiş kraliça nümayiş olundu, İsa peyğəmbərə həsr olunmuş məşhur rəsm əsəri gülünc hala salındı. Fransa dünyaya özünü vulqar və dürüstlükdən uzaq əməlləri təbliğ edən bir ölkə kimi tanıtdı. İşğalçı ölkələri dəstəkləyən, soyqırıma imza atan ölkələrlə əlbir olan Fransa bu Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı da öz ikiüzlü siyasətini bir daha nümayiş etdirdi", - o vurğulayıb.