“Gəncədə olarkən raket hücumuna məruz qaldıq. Maşından düşüb raket düşən bazarda çəkilişlər apardığımız zaman sirena səsləndi. Hər şey düz yaxınlığımızda baş verirdi. Dərhal maşına əyləşib ərazini tərk etdik”.
Bunu “Report”un yerli bürosuna müsahibəsində Vətən müharibəsi günlərində Azərbaycanda olmuş Gürcüstanın “Rustavi 2” telekanalının müxbiri David Tsaqareli deyib.
Onun sözlərinə görə, çəkiliş qrupunun artıq növbəti gün hücumlar nəticəsində dağılmış evləri və xəsarət almış insanları lentə almaq imkanı olub: “Bunların hamısına acıyırdım. İstənilən münaqişə faciədir. Müharibə bizim düz qonşuluğumuzda baş verirdi və kanalımız baş verənləri obyektiv işıqlandırmağa çalışırdı”.
Evləri dağılmış Gəncə sakinləri ilə ünsiyyətdə olduğunu vurğulayan D.Tsaqareli onların mübariz ruhundan çox təsirləndiyini bildirib: “Evləri, avtomobilləri yararsız hala düşmüş, xəsarət almış gəncəlilər ərazini tərk etməyə hazırlaşmırdılar. Kişilər, qadınlar deyirdilər ki, əsgərlərlə çiyin-çiyinə durmağa, müharibəni qələbəyədək davam etdirməyə hazırdırlar. Gəncə sakinlərinin güclü mübariz ruhu mənə böyük təsir bağışlayıb”.
Gürcü jurnalist bundan sonra həm Azərbaycan, həm Gürcüstan, həm də bütövlükdə bölgədə sülh və əmin-amanlığın olmasını arzuladığını qeyd edib.