“NATO və ABŞ Rusiyaya qarşı bir cəbhə də Qafqazda açmaq niyyətindədir”.
Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib.
O, NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi qeyri-hökumət təşkilatının sədri Günter Fehlingerin “X” hesabında Ermənistanı NATO-ya üzvlüyə çağırmasına münasibət bildirərək qeyd edib ki, təşkilat bu açıqlama ilə Rusiya və region ölkələrinin reaksiyasını ölçmək istəyir: “Çünki Rusiya Qafqazı arxa bağçası adlandırır. Daha əvvəl də Gürcüstanın Ukrayna ilə birlikdə NATO-ya üzv olması istiqamətində təşəbbüs göstərmişdilər. Ancaq illər keçsə də, Gürcüstan NATO-ya üzv ola bilmədi. Bu dəfə isə bir az aşağıya enərək Ermənistan üçün bu çağırışı etdilər”.
Y.Karauz Azərbaycan üçün də belə bir çağırışın ediləcəyi ilə bağlı məlumat əldə etdiyini diqqətə çatdırıb. Bildirib ki, ABŞ də bu çağırışı dəstəkləyəcək. Müsahibimizin sözlərinə görə, bu, o mənaya gəlir ki, NATO-nun addımı Azərbaycana qarşı deyil: “Azərbaycan NATO ilə münasibətləri inkişaf etmiş bir ölkədir. Türkiyə qətiyyən Azərbaycan əleyhinə addıma icazə verməz. Ermənistan Azərbaycanla olan problemini həll etmədən, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın şərtlərinə əməl etmədən, Türkiyə ilə Azərbaycana qarşı təmizniyyətli davranış göstərmədən, konstitusiyasından Türkiyənin ərazi bütövlüyünə yönəlmiş ifadələri çıxarmadan NATO-ya üzv ola bilməz”.
Y.Karauz vurğulayıb ki, Ermənistan sözügedən məsələləri həll etdikdən sonra isə NATO-ya ancaq Azərbaycanla birlikdə üzv ola bilər, əks təqdirdə Türkiyə bu üzvlüyə icazə verməz: “Üçtərəfli bəyanatdan 34 ay keçib, Ermənistan sülhə razılaşmır, deməli, bu baş verənlər oyunun bir parçasıdır. Qafqaz gün keçdikcə, əvvəlki dövrlərdə olduğu kimi, bir çox qüvvələrin müdaxil olduğu bir yer halına gəlir. Lakin Qafqazdakı sülh və sabitlik sadəcə region ölkələri ilə birlikdə təmin edilə bilər”.