"Azərbaycanda 44 günlük Vətən müharibəsi dövründə xalqın həmrəyliyi çox güclü olub. Yerli medianın hadisələri operativ və ətraflı işıqlandırması da alqışlanandır".
“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarixçi Quram Marxuliya Tbilisidə keçirilən “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forumda çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycanda gənc nəsil vətənpərvərlik ruhunda yetişdirilir: "Azərbaycan apardığı uğurlu daxili və xarici siyasət sayəsində işğalda olan ərazilərini qısa müddət ərzində azad etdi. Gürcüstan da ərazi bütövlüyünə tezliklə qovuşmalıdır. Bölgəyə sülh, əmin-amanlıq və inkişaf olduqca çox lazımdır. Azərbaycan və gürcü xalqları sülhün dəyərini çox yaxşı bilir. Region ölkələri sabitlik və firəvanlığa nail olmaq üçün əməkdaşlığı daha da gücləndirməlidir".