Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşüb.
"Report"un yerli bürosu xəbər verir ki, görüş dövlət başçısının Orbeliani sarayında baş tutub.
Gürcüstan prezidenti Ceyhun Bayramovu Xarici İşlər naziri təyin edilməsi münasibətilə təbrik edib və ona səmimi arzularını çatdırıb. Həmçinin nazirin fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atılacağından ümidvar olduğunu ifadə edib. S.Zurabişvili səmimi salamlarının Azərbaycan Respublikası Prezidentinə çatdırılmasını xahiş edib.
Öz növbəsində, C.Bayramov Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri üzrə olduqca faydalı müzakirələrin aparıldığını qeyd edib. İki ölkə arasında hər üç - siyasi, iqtisadi və humanitar istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsinə eyni səviyyədə əhəmiyyət verildiyi qeyd olunub.
Tərəflər bölgədə mövcud olan həll olunmamış və regional təhlükəsizliyə ciddi təhdid olan münaqişələri qeyd edərək bu münaqişələrin həll olunmasında oxşar mövqe sərgilədiklərini diqqətə çatdırıblar. Ölkələrimizin bir birlərinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığı vurğulanıb.
Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.
Hər iki ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi, enerji, nəqliyyat layihələrindən bəhs edilib. Regional dəhlizlərin imkanlarının daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin turizm, humanitar, mədəniyyət sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
S.Zurabişvili bölgədə sülh və sabitliyin təmin olunmasının vacib olduğunu vurğulayıb.
C.Bayramov, öz növbəsində, Ermənistanın işğalçılıq siyasəti və onun ağır nəticələrinə diqqəti yönəldərək Ermənistan rəhbərliyinin son təxribatçı fəaliyyəti barədə Gürcüstan prezidentinə məlumat verin. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb.
Mövcud pandemiya şəraitində dövlətlərin həmrəylik və əməkdaşlığına olan yüksək ehtiyac qeyd olundu və bu xüsusda iki ölkə arasında yüksək əlaqələndirmə və əməkdaşlığın mövcud olduğu vurğulanıb.
Görüşün sonunda S.Zurabişvili Azərbaycan Respublikasının Prezidentini və Birinci vitse-prezidenti Gürcüstana səfərə dəvət edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.