“ABŞ-ın əsas müttəfiqi kimi Gürcüstan gələcəkdə də bölgədə sülhün bərqərar olmasına və mühüm regional layihələrin reallaşdırılmasına öz töhfəsini verməyə hazırdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ABŞ prezidenti Cozef Baydenin bölgədə Gürcüstanın dəstəyi ilə əldə olunmuş irəliləyişlə bağlı bəyanatına münasibət bildirərkən deyib.
“Bizim əsas strateji tərəfdaşımız Gürcüstan hökumətinin Tbilisinin qonşularımız – Azərbaycan və Ermənistan arasında gələcək dialoq üçün platformaya çevrilməsi ilə bağlı mövqeyi barədə yaxşı məlumatlıdır. Platforma gələcəkdə həm ABŞ, həm də Gürcüstan, Azərbaycan və Ermənistan üçün strateji maraq kəsb edən geosiyasi layihələrin həyata keçirilməsi məqsədinə xidmət edə bilər”, - XİN başçısı söyləyib.
D.Zalkaliani regionda dayanıqlı sülhə alternativin olmadığını vurğulayıb: “ABŞ Gürcüstan hökuməti, baş nazir, Xarici İşlər Nazirliyinin bu vacib funksiyanı yerinə yetirəcəyinə ümid etməlidir”.